İSTİQAMƏT: 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.
Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə olub. Biz bunun 44 günlük Vətən müharibəsi dövründə də şahidi olduq. Gənclər həm ön cəbhədə əsgər kimi, həm də arxa cəbhədə informasiya savaşının iştirakçısı kimi mübarizə aparırdı. Həmin gənc nəsil bu gün dövlət idarəetməsində iştirak edir, beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edirlər. Bütün bunlar Azərbaycan dövlətinin gənclərə olan dəstəyi nəticəsində daha da inkişaf edir və təkmilləşir.
Milli Məclisin deputatı Könül Nurullayeva Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan gənci hər zaman vətənpərvərliyi, təəssübkeşliyi, intellekti ilə seçilib:

” Məsələ burasındadır ki, bu gün dünyada gənclərlə bağlı xoşagəlməz tendensiyalar müşahidə olunmaqdadır. Gənc nəsli təsir altına salmaq üçün müxtəlif proqramlar hazırlanır, milli kökə bağlılığın qırılması üçün fərqli təbliğat üsullarından istifadə edilir. Belə bir vəziyyətdə Azərbaycan gənci ənənəvi dəyərlər əsasında tərbiyə alaraq, milli, vətənpərvərlik ruhunda yetişməklə fərqlənir. Bu səbəbdən 44 günlük Vətən müharibəsindən sonra gənclərimizin xarakteri daha geniş şəkildə açıldı. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması, ərazi bütövlüyü məsələsində Ali Baş Komandandan götürülən nümunələr 44 günlük müharibədə həlledici rol oynadı. Vətən müharibəsində əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdi. Prezident İlham Əliyevin də söylədiyi kimi, “Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər!” İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idi. Onların heç biri Qarabağı görməmişdi, amma onların qəlbində yaşayan milli ruh və
Vətən sevgisi onları ölümə aparırdı. Müstəqillik dövründə yetişən, vətənpərvərlik ruhunda böyüyən gənclərimizin tarixi Zəfərin əldə olunmasında misilsiz xidmətləri var. Biz vətənpərvər gənclərimizlə fəxr edirik. Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyürlər. Vətənə, milli-mənəvi dəyərlərə bağlı olan Azərbaycan gəncləri indi həm də gələcəyə baxır. Müasir dövrün çağırışlarına uyğunlaşır”.
K. Nurullayeva vurğulayıb ki, gənclərə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir:
“Bu siyasətin əsas prioritetləri gənclərin ictimai fəallığını, onların cəmiyyətin və dövlətin həyatında yaxından iştirakını təmin etməkdir. Ümumiyyətlə, gəncliyin sağlam ruhlu, yüksək mənəvi keyfiyyətə və intellektə malik olması hər bir dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla birgə addımlayır. Ölkəmizdə gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün Dövlət Proqramları həyata keçirilir, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilir. Bu proqramlar birbaşa Azərbaycan gəncliyinin hərəkat olaraq təkmilləşməsinə, ictimai-siyasi proseslərdə fəallığına xidmət edir. Bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Azərbaycan gənci ən yüksək səviyyədə dəstəklənir. Gənc alimlərin fəaliyyətinin inkişafı istiqamətində səmərəli tədbirlər reallaşdırılır. Respublikanın paytaxt və rayonlarında gənclər mərkəzləri fəaliyyət göstərir. Bir sözlə, Azərbaycan gəncləri dövlətin dəstəyi ilə cəmiyyətin əsas hərəkətverici qüvvəsinə çevrilib”.
Politoloq Şəbnəm Həsənova isə Editor. az-a bildirib ki, gənclərlə milli inkişaf arasında əlaqənin aksiomatik olduğu haqqında bir çox təhlilçilər yazırlar:

“İddia edilir ki, bu əlaqə yalnız simvolik olmayıb, biri digərini qidalandırır. Ona görə də milli inkişafda gənclərin rolunu vurğulamadan keçmək olmaz. Hər bir ölkənin inkişaf çarxı gənclərin nə qədər məhsuldar və yaradıcı olmasının çiynindədirsə, paralel olaraq bu amillərin nə qədər düzgün istiqamətlənərək realizə edilmə mühitinin yaradılması da dövlətin gənclərə yaratdığı platformanın işlək mexanizmə sahib olması, fürsət və imkanların yaradılması üzərindədir. İstənilən cəmiyyətdə gənclik böyümə və inkişafın mühərrikidir. Bir tərəfdən gənclər əmtəə istehsalı və xidmətin qüvvəyə minməsi üçün işçi qüvvəsini təmin edirlərsə, digər tərəfdən də cəmiyyətin bu seqmentinin hərəkətləri və hərəkətsizliyi cəmiyyətlərinin parçalarını inkişaf etdirə bilən insan kütlələri rolunda çıxış edirlər. Buna görə də əhalinin bu miqdarı dövlət üçün düzgün istiqamətdə istifadə olunarsa, böyük bir sərvətdir. Maraqlıdır ki, cəmiyyətin bir nəsildən digərinə keçidi belə cəmiyyətin formalaşma və inkişaf istəkləri üçün çox vacibdir. Məhz buna görə də gəncləri gələcək arzularına hazırlayan cəmiyyət təkcə onun gələcək inkişafını təmin etməyəcək, həm də növbəti liderlər dəstəsini hazırlayacaq. Beləliklə, gənclərin milli inkişafdakı rolu hər bir cəmiyyətin bütün inkişaf arzusu üçün müqəddəsdir. Gənclər cəmiyyətin inkişafının təməl daşıdır. Cəmiyyətlər təkcə gənc əhali vasitəsilə yenidən yaradılmır, həm də gəncləri çox vaxt sabahın liderləri adlandırırlar. Gənclərin istək və ümidlərinin yerinə yetirilməsini təmin etmək məsuliyyəti bir çox maraqlı tərəflərin üzərinə düşür. Cəmiyyətdə hər kəs bu prosesdə öz rolunu oynamalıdır. Çünki onların düşüncə tərzi və rolları hər bir cəmiyyətin inkişafı üçün böyük əhəmiyyət kəsb edir”.
Politoloqun sözlərinə görə, bu gün hökumətlərin və siyasətçilərin qarşısında duran ən böyük problemlərdən biri gənclərə layiqli həyat sürə bilmələri və ölkələrinin iqtisadi inkişafına töhfə verə bilmələri üçün bir sıra imkanların təmin edilməsidir:
“Azərbaycanın gələcəyi gənclərdir. Bu məsələnin aktuallığını zamanında aydın dərk edən, qlobal çağırışlara cavab verməyi qabaqlayan Ümummilli Liderimiz Heydər Əliyev də gənclərə olduqca böyük qayğı ilə yanaşır, gənclər siyasətini isə dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edir, bu istiqamətdə əməli addımlar atırdı. Ulu öndərimizin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev də eyni dəst-xəttə sadiq qalaraq bu sferanın daha da inkişafına olduqca böyük önəm verir. Bu baxımdan da təsadüfi deyil ki, biz Qarabağ torpaqlarını, Şuşanı azad edən gəncləri ulu öndər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələri adlandırırıq. Böyük bir nəsli sadəcə hərbi baxımdan deyil, ideoloji baxımdan da bu tarixi Zəfərə hazırlaşdırmaq uzaqgörən siyasət, gərgin əmək, davamlı səylər tələb edirdi ki, həm Ümummilli Liderimiz Heydər Əliyev, həm də Prezident İlham Əliyev bu işin öhdəsindən layiqincə gəliblər. Prezident İlham Əliyevin də müsahibələrindən birində vurğuladığı kimi Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Düşünürəm ki, Azərbaycanda gənclər üçün kifayət qədər geniş imkanlar yaradılır. Müasir dünyamızda bu seqmentin üzərinə düşən bircə yük var. Bu da milli adət-ənənələrimizin gözəlliyinə sahib çıxaraq, milli kimliyimizi əsas tutaraq, paralel şəkildə müasir təhsil sisteminin incəliklərinə yiyələnmək, layiqli vətəndaş kimi ölkəmizin daha da inkişaf etdirilməsində səylərini ürəkdən ortaya qoymaqdan ibarətdir”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


