Gənclərin hərbi təhsilə təşviqi istiqamətində hansı işlər görülür?backend

Gənclərin hərbi təhsilə təşviqi istiqamətində hansı işlər görülür?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümummilli Lider Heydər ƏLİYEV demişdir: “Ali hərbi məktəblərdə təhsil sisteminin yaxşılaşdırılması, peşəkarlığın artırılması, sağlam mənəvi mühitin yaradılması zabitlərimizin, Silahlı Qüvvələrimizin rəhbərlərinin müqəddəs vəzifəsidir”

Ali Baş Komandanımız zati-Aliləri İlham Əliyev də məhz eyni siyasi kursun davamı olaraq müzəffər ordumuzun əsas prioritetlərini müəyyənləşdirməklə davamlı strateji tədbirlər planı hazırlayır və həyata keçirərək hərbi sahənin inkişafı istiqamətində mütəmadi islahatlar aparır. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində təmin edilməsi və qorunub saxlanması üçün ölkənin hərbi qüdrətinin artırılması, hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi, silahlı qüvvələrin döyüş qabiliyyətinin, mənəvi-psixoloji və maddi-texniki təminatının daha da gücləndirilməsi daima dövlətimizin ən ümdə vəzifəsi olmuşdur.

Son illərdə hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll edilməsinə, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsini təmin etmişdir.

Görülən işlər çərçivəsində gənclərin hərbi sahədə təhsil almasının daha da stimullaşdırılması məqsədi ilə Müzəffər Ali baş komandanımız zati-Aliləri İlham Əliyev mühüm əhəmiyyət kəsb etdən Fərman imzalamışdır. Həmin Fərmanın imzalanması ilə Ordumuzun peşəkar kadrlarla təchizatına geniş imkanların açılacağı gözlənilir. Fərmanın icrası olaraq Nazirlər Kabinetinin 22 may tarixli qərarı ilə peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kollec yaradılmış və Əsasnamələri təsdiq edilmişdir.

Həmin Fərmana əsasən üzümüzə gələn tədris ilindən başlayaraq təhsil almaq üçün Milli Müdafiə Universitetinin tabeliyindəki ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursuna və hərbi kolleclərə qəbul olunmuş kursantlar üçün 500 manat, hərbi liseylərə qəbul olunmuş kursantlar üçün 300 manat məbləğində birdəfəlik ödəmə təsis edilmişdir. Habelə həmin kursantlara 50 manatdan 150 manatadək aylıq təqaüd, ailə üzvləri üçün hər ay 100 manatdan 200 manatadək maddi yardım, həmçinin onların bank hesabında yığılması üçün hər ay 100 manatdan 200 manatadək yığım ödənişləri müəyyənləşdirilmişdir.

Həmin Fərmanla həmçinin gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi məqsədilə onların evlə təminatı məsələləri də həll edilmişdir. Belə ki, həmin Fərmanda qeyd olunan təhsil müəssisələrini bitirmiş ipoteka kreditindən istifadə etmək istəyən zabit və gizirlərin ipoteka kreditlərinin ilkin ödəniş hissəsinin bütünlüklə, aylıq ödənişlərinin isə böyük hissəsinin dövlət büdcəsi vəsaiti hesabına təmin eidlməsi nəzərdə tutulmuş və Ali baş komandanımız tərəfindən aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.

“ELM” Gənclərin Sosial-intellektual İnkişafına dəstək ictimai birliyinin sədri,Səbuhi Abdullayev