Gənclərin radikalizmə cəlb olunması elmsizlik və cəhalətdən qaynaqlanırbackend

Gənclərin radikalizmə cəlb olunması elmsizlik və cəhalətdən qaynaqlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İSTİQAMƏT: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

“Radikalizm bütün dinlərdə qəbul olunmaz hal kimi qələmə verilir və ciddi şəkildə tənqid olunur”.

Bunu Editor.az-a açıqlamasında ilahiyyatçı Hacı Ağaseyid Yaqubov deyib.

Onun sözlərinə görə, İslamda da radikalizm qəbul olunmazdır:

“Gənclərin radikalizmə cəlb olunması elmsizlik və cəhalətdən qaynaqlanır. Çünki dinin anlaşılmayan mövzularında müəyyən çıxarışlar edib gənclərin fikirlərini qarışdırır və mənfi ideologiyalara mürtəkib edirlər. Ona görə də bu gün dindən müəyyən qədər məlumatı olan insanlar yaxşı bilirlər ki, din insandan nə tələb edir. İnsanları radikalizmdən uzaqlaşdırmaq üçün  onlara dinin əsas tələblərini aydınlaşdırmaq lazımdır. Radikalizmə meyl edən insanlara elə aşılanır ki, din insanın lazım olan məqamlarda özünü öldürməsini istəyir. Onların fikirləri ilə razılaşmayanlar qətlə yetirilməlidir. Dindən məlumatı olmayan gənclər, insanlar bu yolun qurbanı olurlar. Bu ona görə ki, o insanların dinə məhəbbəti var, amma dini biliyi yoxdur və  eyni zamanda elmsizdirlər buna görə də onların dinə məhəbbətlərindən istifadə edirlər. Məhəbbət bəzən insanı məhvə doğru apara bilər. Kim nəyə aşiqdirsə, onun qurbanı olar. Bu, devizdir”.

Hacı Ağaseyid Yaqubovun sözlərinə görə insanların əksəriyyəti dini, Allahı sevib müqəddəs hesab edir. Məkirli niyyətli olan qüvvələr inanclı insanların bu duyğularından sui- istifadə edir:

“Bu gün ticarət sektoruna nəzər salsaq görərik ki, insanların daha çox nəyə marağı varsa, onu baha qiymətə satırlar. İnsanların maraq göstərdiyini görüb heysiyyətindən istifadə edirlər. Dində də bu məsələ önəmlidir. Şəxslərin dinə olan məhəbbətini, rəğbətini müəyyən qüvvələr sui-istifadə edir və insanlara  dini başqa formada təqdim edirlər. Onların fikirləri yayınır. Din eşqinə qəbul olunmaz yollara addım atırlar. Özləri də dərk etmirlər ki, gördükləri bu iş Allah qatında və insanlar içərisində bədnam sayılır. Onlar elə bir atmosferdə formalaşdırılır ki,  fikri-ideoloji təzyiqlərə məruz qalırlar. Onlar göstərirlər ki, əgər deyilən hərəkəti etməsələr, Allah həmin şəxsləri cəzalandıracaq. Bunun da çıxış yolu odur ki, yetkinlik yaşında gənclərə dinin insandan nə istədiyi aşılanmalıdır. Çünki sonradan belə situasiyalarla rastlaşanda dərhal reaksiya verə bilsin və öz ideologiyalarını mənfi fikirlərə dəyişməsin. İnsanın dini bazası varsa, o, heç vaxt radikalizmə qurban getməyəcək və dinin tənqid etdiyi hallara yol verməyəcək”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.