Araşdırmalara görə, 11-13 yaşlı qızlar sosial mediada nə qədər çox vaxt keçirsələr, bir il müddətindən sonra həyatdan bir o qədər az məmnun olurlar.
Editor.az xəbər verir ki, Böyük Britaniyada aparılan və “Nature Communications” jurnalında dərc edilən araşdırma 14-15 yaşlı oğlanlar və 19 yaşlı qız və oğlanlar arasında oxşar nəticələr əldə edib.
Elm adamları müəyyən yaşlarda sosial medianın təsirlərinə qarşı həssaslığın yeniyetməlik dövründə beyin, hormonal və sosial dəyişikliklərlə əlaqəli ola biləcəyini düşünürlər. Əlaqəni tam başa düşmək və sübut etmək üçün daha çox araşdırma tələb olunur.
Mütəxəssislər eyni zamanda, sosial medianın COVİD pandemiyası zamanı gənclərin sosial əlaqələri üçün müsbət təsirləri də ola biləcəyini söyləyirlər.
Baş araşdırmaçı Dr. Emi Orben sosial mediadan istifadə ilə psixi sağlamlıq arasındakı əlaqənin çox mürəkkəb olduğunu və indiyə qədər aparılan araşdırmaların qarışıq nəticələr verdiyini bildirir. Onun sözlərinə görə, beyin inkişafı və cinsi yetkinlik kimi bədənimizdə və sosial şəraitdə baş verən dəyişikliklər, həyatımızın müəyyən dövrlərində bizi müdafiəsiz qoyur:
“Biz indi diqqətimizi ən çox risk altında ola biləcəyimizi bildiyimiz yeniyetməlik illərinə yönəldə və həqiqətən maraqlı sualları araşdırmaq üçün bundan bir addım kimi istifadə edə bilərik.”
Tədqiqatçılar İngiltərədə keçirtdikləri bir sorğuda 72 mindən çox respondentin həyatlarından nə dərəcədə razı olduqları və adi bir gündə sosial mediada dostları ilə ünsiyyətə nə qədər vaxt sərf etdikləri ilə bağlı hesabatlarını araşdırıblar.
2011-2018-ci illər arasında yeddi sorğu keçirilib. Ümumiyyətlə, sosial mediadan istifadə ilə həyatdan məmnunluq arasında ən mənfi əlaqə yeniyetmələrdə müşahidə olunub.
Sorğuda verilən cavablara əsasən, aşağıdakı nəticələr əldə edilib:
“Gündəlik sosial mediadan istifadə etmədiklərini və ya çox yüksək (yeddi saatdan çox) olduğunu deyən 16-21 yaş qrupunda olanlar, üç saata qədər istifadə edənlərlə müqayisədə həyatdan daha az məmnun olduqlarını bildirdilər”.
” Daha gənclərdə isə daha fərqli nəticə əldə olunub. Daha çox sosial media istifadəsi ilə onların həyatdan məmnunluqları ümumiyyətlə azalıb”.
//Gülnarə Abasova, Editor.az

