“Gərək, Paşinyanın durumuna psixiatr münasibət bildirsin” – Gizli səs yazısına reaksiyabackend

“Gərək, Paşinyanın durumuna psixiatr münasibət bildirsin” – Gizli səs yazısına reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun Yenisabah.az-a müsahibəsi:

– Elxan müəllim, Paşinyanın gizli səs yazısı yayılıb. Orada Qarabağla bağlı Putin, Nazarbayev və Lukaşenko arasındakı danışıqlar yer alıb. Audioyazını necə şərh edərdiniz?

– Seçki kampaniyasıdır, mübarizə gedir və bir-birinə aşağılayıcı ifadələr işlədirlər. İndi də bir-birinə qarşı kompromatları ortaya qoyurlar. Düzü, səs yazısında qeyri-adi heç nə görmədim. Çünki onsuz da biz Paşinyandan bütün hərəkətləri gözləyirdik. Bu da onlardan biridir. Ola bilsin ki, Paşinyanın da əlində Sarkisyan və ya Köçəryana aid hansısa faktlar var. Çünki dövlətin başında olan bir şəxsdir. Bu kompromat savaşı yəqin ki, hələ seçkiyə qədər davam edəcək. Orada Rusiya tərəfdən deyilənlərə gəldikdə isə bunun aydınlaşdırılmasına ehtiyac var. Çünki belə bir fikir səslənir ki, guya biz Qarabağın Azərbaycanın tərkibində olmamasına razılaşmışıq. Bu məsələlərin aydınlaşdırılması artıq Azərbaycan tərəfinin üzərinə düşür.

– Həmin səs yazısından belə görünür ki, Putin, Nazarbayev və Lukaşenko Qarabağ probleminin həllində maraqlı olub. Sizcə, onların maraqları nəyə xidmət edir?

– Onlar əvvəldən də bu məsələyə maraq göstərirdi. Daha çox Nazarbayev diqqət ayırırdı. Hətta yadımdadır, 90-cı illərin əvvəllərində münaqişə yeni başlayanda Nazarbayev Rusiyanın o zamanki prezidenti ilə bölgəyə səfər etmişdi. Ona görə də bu marağı Ermənistanın yeni seçilən Baş nazirinə də bildiriblər. Baş nazirin orada ağlasığmaz şərtlər irəli sürməsi isə başqa məsələdir. Sadəcə müəyyən dərəcədə fikirlər səsləndirilib. Lakin sual doğur ki, Paşinyandan əvvəl niyə Putin münaqişənin həllinə bu qədər canfəşanlıq göstərmirdi? Çünki həmin vaxt hakimiyyətdə dostları-Köçəryan və Sarkisyan kimi qatillər vardı. Amma sonradan Paşinyanı qərbpərəst siyasətçi kimi qiymətləndirərək bu mövzuda Paşinyana təzyiq edə biləcəyini düşündü.

– Paşinyan bir ifadə işlədib ki, əgər təklif olunan şərtlərlə razılaşsa, gərək,  özünü bir az dəliliyə qoysun. Hesab edirsinizmi ki, sonrakı proseslər, həqiqətən də, onun dediyi kimi oldu?

– Buna artıq gərək, psixiatr münasibət bildirsin. Həqiqətən də, bu insanın fikirləri üst-üstə düşmür. Müharibədən əvvəl, “Qarabağ Ermənistanındır, nöqtə”,-deyirdi. Müharibədən sonra real vəziyyəti anladı və bir az ağıllandı. Ona görə də bəlkə də onun dəliliyi haqqında fikir səsləndirənlər bir qədər haqlıdır. Çünki bu şəxs iki gün ərzində fikrini tam dəyişə bilir.

Loading...