Gərginlik ARTIR: “ABŞ-nin bu addımı təkcə Azərbaycana yox, bütün region ölkələrinə bir mesajdır”backend

Gərginlik ARTIR: “ABŞ-nin bu addımı təkcə Azərbaycana yox, bütün region ölkələrinə bir mesajdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-ın bu addımı təbii ki, region ölkələri, xüsusilə Azərbaycan tərəfindən çox da xoş qarşılanmadı. Çünki iki hərbi təyyarə dolu silah-sursat və 50-yə yaxın şəxsi heyətin Ermənistana gətirilməsindən söhbət gedir. Eyni zamanda, bu daşımalardan sonra Türkiyə öz hava məkanını bağladı. Əks halda təyyarə və şəxsi heyətin sayı arta da bilərdi. Faktiki olaraq ABŞ bu addımı ilə bölgədə  kiməsə göz dağı verməyə çalışır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Turab Rzayev ABŞ-nin hərbi yük təyyarələri ilə Ermənistana külli miqdarda silah və sursat gətirməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

T. Rzayevin sözlərinə görə, ABŞ-nin ordu və texnikasını Zəngəzura yerləşdirməsi təkcə Azərbaycana yox, bütün region ölkələrinə bir mesajdır:

“Bir tərəfdən, 10 noyabr razılaşmasının 9-cu bəndinə əsasən Zəngəzur dəhlizi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirəcək. ABŞ-in sözügedən addımı buna qarşı da ola bilər.

Nəzərə alsaq ki, İran-İsrail arasında münasibətlər çox gərgindir. ABŞ öz ordusunu  İraq və Səudiyyə Ərəbistanı sərhədinə diskalasiya edib. Bu, İrana təzyiq vasitəsi də ola bilər”.

T. Rzayevin sözlərinə görə, Ermənistanın indiyə qədər bu şəkildə silahlandırılması sonda regionda eskalasiya riskini ciddi şəkildə artırıb: ” Çünki Ermənistanın aldığı silah-sursatın içərisində daha çox hücum silahları var. İrəvan bu silahları almağına səbəb kimi isə hər dəfə bir bəhanə  gətirir. Bütün bunlar isə Ermənistanın müharibəyə hazırlaşdığını açıq şəkildə göstərir”.

Mövzu ilə bağlı politoloq Fikrət Sadıxov isə Editor.az-a bildirib ki, ABŞ-nin Ermənistanı silah-sursatla təmin etməsi ciddi gərginlik yarada bilər:

“Faktdır ki, Ermənistanın əsas müttəfiqi Rusiyadır. Rusiyanın Ermənistanda hərbi bazası mövcuddur, rus sərhədçiləri ölkənin xarici sərhədlərini qoruyur. Dəfələrlə Moskva da ABŞ-nin bu cür hərəkətləri ilə bağlı sərt bəyanatlar səsləndirib.Maraqlıdır ki, ABŞ  dediyi kimi, Azərbaycanla Ermənistan arasında sülhdə maraqlıdırsa, o zaman niyə İrəvanı silah-sursatla təmin edir? Sülhə nail olmaq istəyən Vaşinqton iki ölkə arasında danışıqlar prosesini təşkil etməli,  Ermənistana müəyyən təzyiqlər göstərməlidir ki, Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı maddəni ləğv etsin, Zəngəzur dəhlizi açılsın”.

//Gülnarə Abasova, Editor.az