“Rusiya Ukraynanı işğal etsə belə, NATO ilə probleminin həll ediləcəyini hesab etmək olmaz. Nə dəyişəcək? Heç nə. Əksinə daha da problemin içinə girəcək. Bu baxımdan Rusiya “Ukrayna” krizinin mahiyyətini böyüdüb Rusiya-Ukrayna gərginliyi səviyyəsinə qaldırmaq istəmir. Buna görə də Ukrayna ilə danışıqlara getmir. Ukraynanın işğalından danışanda, Rusiya üçün bunun həm asan olduğunu, həm də bu fikirdə olmadığını bildirməklə Ukraynanı ciddiyə almadığını göstərmək istəyir”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Politoloq bildirib ki, Rusiya bu gərginliyin Amerika ilə onların arasında olduğunu, burda Ukraynanın Rusiyaya təzyiq üçün bir vasitə olduğunu sübut etmək istəyir. Ona görə də danışıqlar Ukraynasız aparılır:
“NATO Ukraynaya gəlməsə belə, Pribaltika ölkələri ilə Qara dənizdən Rusiyanın sərhəddindədir. Sadəcə məsələ ondadır ki, bu ərazilərdə Rusiya ilə gərginlik üçün mühit yoxdur, amma Ukraynada belə bir mühit uzun illərdir formalaşıb. Amerika da bundan istifadə edir. NATO Ukraynaya gəlsə belə, Rusiyanın təhlükəsizliyinə zərbə vuracağı məntiqi də yanlışdır. Məsələ ondadır ki, NATO-nun Rusiyaya zərbə vurması üçün bilavasitə Ukraynada olmasına ehtiyac yoxdur, çünki NATO-nun belə bir fikri də yoxdur. Hansı məntiqlə NATO nüvə dövləti Rusiya ilə güc dilində danışmaq yolunu seçməlidir? Burda tək bir istək var, Şərqi Avropa ölkələrini Rusiyanın təhdidindən aralı tutmaq, onları qorumaq…”
A.Qasımov hesab edir ki, gərginliyin müharibə ilə nəticələnmə riski yox səviyyəsindədir. Rusiyanın iqtisadi çökdürülməsi planı işə salınıb ki, hələlik sözə baxan olsun.
//Gülnarə Abasova, Editor.az

