İctimai rəy sorğuları göstərir ki, getdikcə daha çox ukraynalı Rusiya ilə münaqişəyə son qoymaq üçün sülh danışıqlarının aparılması ideyasını dəstəkləyir.
Editor.az bildirir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb. Nəşrin qeyd etdiyi kimi, bu ideyanın ən az tərəfdarları hərbçilər arasındadır. Son sorğulardan biri göstərir ki, döyüş veteranları və aktiv hərbi qulluqçuların yalnız 18%-i hesab edir ki, Ukrayna münaqişəni danışıqlar yolu ilə sona çatdırmağa çalışmalıdır. Bu, tədqiqatda hər hansı demoqrafik qrup arasında ən aşağı göstəricidir.
Hərbçilərin 15%-i Ukrayna hakimiyyətinin razılaşmadığı sülh müqaviləsi imzalayacağı təqdirdə silahlı etiraza hazır olduqlarını bildiriblər.
WSJ yazır ki, Ukrayna hərbçiləri münaqişənin dayandırılmasına “şübhə ifadə edirlər”. Onların bir çoxu əmindir ki, Rusiya hərbi əməliyyatlardakı fasilədən yalnız ordunu yenidən silahlandırmaq üçün istifadə edəcək və “sonra yenidən işğalı davam etdirəcək”, – materialda deyilir.
Qəzet əlavə edib ki, “ümumi ictimaiyyət Rusiya tərəfi ilə sövdələşmələrə şübhə ilə yanaşsa da, sorğular göstərir ki, bir çox insanlar, xüsusən də gənclər “müharibənin dayandırılması üçün qeyri-kamil sülhü qəbul etməyə hazırdırlar”.
//Samir Qurbanov, Editor.az