“Google”, “YouTube” platformaları azərbaycan nömrələrini təsdiq etmir – AÇIQLAMAbackend

“Google”, “YouTube” platformaları azərbaycan nömrələrini təsdiq etmir – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir ay ərzində “Google”, “YouTube” və digər platformalarda yeni hesab açarkən Azərbaycan nömrələri ilə qeydiyyat keçmək olmur.

Bununla bağlı Oxu.Az-a istifadəçilər tərəfindən məlumat daxil olub. Bildirilib ki, bu problem artıq bir aydan çoxdur davam edir.

Belə ki, qeydiyyat keçdikdən sonra təhlükəsizlik kodu göndərilməsi üçün qeyd edilən ölkədaxili operatorların (“Bakcell”, “Azercell”, “Nar”) nömrələri təsdiqlənmir. Təhlükəsizlik üçün yerləşdirilən nömrəyə heç bir halda SMS göndərilmir.

Onun əvəzinə yeni qeydiyyat keçən istifadəçilərə beynəlxalq nömrələr (online) təklif edilir. Hesab açmaq istəyən şəxslər isə bunu şəxsi və ya işgüzar hesab (“account”) kimi istifadə edəcəkləri üçün şəxsi məlumatların oğurlanmasından narahatdırlar.

Bəs bu problem nə ilə əlaqəlidir?

Məsələyə aydınlıq gətirmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “YouTube” və digər sosial şəbəkə platformalarında ölkədaxili operatorların əlaqə nömrələri ilə bağlı yaranan problem regional xarakter daşıyır:

“Hazırda aidiyyəti qurumlar tərəfindən bu məsələyə dair araşdırma aparılır. Elektron Təhlükəsizlik Xidməti müvafiq sosial şəbəkə platformalarında qeydiyyatdan keçən zaman e-poçt ünvanından istifadə etməyi tövsiyə edir”.