“İsveçin NATO-ya üzvlüyünə Türkiyə tərəfindən razılıq verildikdən sonra ABŞ və Türkiyə arasında münasibətlərin yaxşılaşmağa doğru getdiyi görünür. ABŞ da bunun müqabilində öz sözünü tutdu və Türkiyəyə “F16″ların satışına razılığı konqresdən keçirdi. Bundan sonra artıq iki ölkə arasında olan problemli məsələlərin danışıqlar yolu ilə həll edilməsinin mümkünlüyünə olan ümidlər artır”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Politoloq iki dövlət arasında mövcud olan problemlərdən “S-400″lər və Suriyada PKK-nın silahlandırılması məsələlərinin hələ də aktual qaldığına diqqət çəkib:
” “S-400” məsələsi həll edilərsə, “F35″lərin verilməsinin də həll ediləcəyinin qeyd edilməsi hesab etmək olar ki, gözlənilən Bayden-Ərdoğan görüşündə müzakirə predmeti olacaq. Türkiyə S-400-ləri Türkiyə ərazisindən çıxarıb öz sərhədinə yaxın olan Şimali Kipr Türk Respublikasının və ya Naxçıvanın ərazisinə yerləşdirə bilər. Azərbaycan hərbi rəhbərliyinin yaxın günlərdə Ankaraya səfər etməsi bu ehtimalı gücləndirir. Türkiyə informasiya məkanında da bu ehtimallar üzərində müzakirələr gedir. Hesab edirəm ki, bu məsələ həllini taparsa, PKK məsələsi də böyük ölçüdə öz həllini tapacaq, xüsusən də, ABŞ ordusunun Suriya və İraqdan çıxarılması fikirlərinin yayıldığı bir zamanda…Putin-Ərdoğan görüşünün təxirə salınmasından sonra Baydenlə görüş məsələsinin gündəmə gəlməsi onu deməyə əsas verir ki, Türkiyə ABŞ-la olan münasibətlərinin hansı yerdə olduğunu qarşılıqlı olaraq dəqiqləşdirmək istəyir ki, bundan sonra Rusiya ilə münasibətlərə qiymət versin. Eyni zamanda, Türkiyənin bu görüşlər baş tutacağı halda Ukrayna məsələsinin də gedişinə əsasən ABŞ və Rusiya ilə müzakirələr aparacağı mütləqdir”.
//Gülnarə Abasova, Editor.az

