“Donald Tramp Vladimir Putinlə telefon danışığı həyata keçirdiyi barədə məlumat verib. Bu telefon danışığının baş tutması çox maraqla qarşılanıb. Ona görə ki, bu danışıqdan sonra Trampla Putin arasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı görüşün keçiriləcəyinə də ümidlər artıb”.
Bunu Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Politoloq dövlət başçıları arasında baş tutan telefon danışığı ətrafında hələ də müəyyənləşməmiş bəzi məqamların olduğuna diqqət çəkib:
“Baxmayaraq ki, Tramp telefon danışığının baş tutduğunu bildirib, ancaq Rusiya tərəfi bu barədə hər hansı bir məlumat verməyib. Hətta Rusiya prezidentinin köməkçisi Peskov da telefon danışığının baş tutduğunu “nə təsdiq, nə də təkzib edə biləcəyini” bəyan edib. Sual yaranır: telefon danışığı həqiqətən baş tutubsa, bu faktın Rusiya tərəfindən elan olunmaması nəyə işarə edir? Yaxud əgər telefon danışığı baş tutmayıbsa, Tramp nədən telefon danışığının baş tutduğunu iddia edir? Telefon danışığı ilə bağlı hər hansı bir məlumata rast gəlmək mümkün deyil. Çünki Tramp özü belə bu barədə ”susacağını” elan etdi. Amma istənilən halda müasir beynəlxalq şəraitdə iki prezidentin nə danışa biləcəyi barədə yalnız mülahizələr irəli sürə bilərik. Heç şübhəsiz mövzu Rusiya-Ukrayna müharibəsi ətrafında cərəyan edib”.
Ə.İbrahimov bildirib ki, Trampın əsas məqsədi Yaxın Şərqdə İsraillə Həmas arasında olduğu kimi Rusiya ilə Ukrayna arasında da atəşkəsə nail olmaqdır:
“Atəşkəsə nail olmaq üçün isə Rusiyanın özünün irəli sürdüyü və həm Ukraynanı, həm də Qərbi qane etməyən şərtləri var. Tramp bu şərtləri yumşaltmaqla görüş keçirməyə nail olmağa çalışır. Trampın məqsədi müharibənin qarşısını alıb sülh müqaviləsinin imzalanmasına nail olmaq deyil. Çünki bunun uzun danışıq və müzakirələr prosesi olduğunu o gözəl başa düşür. Tramp sadəcə atəşkəsə nail olmaq və bununla müharibənin qarşısının alınması istiqamətində nəyəsə nail olduğunu göstərmək istəyir.
Amma Rusiya tərəfi atəşkəsin əldə edilməsi ilə bağlı belə müəyyən şərtlər irəli sürür. Buna görə də hələ ki, Trampın müzakirələrə başlamaq cəhdləri istənilən nəticəni vermir. Onun sülh planına malik olması barədə bəyanatlara ciddi münasibət bəsləmək də düzgün deyil. Çünki Trampın istənilən qədər planı və strategiyası olsa belə Rusiya ilə razılaşdırmadan onun həyata keçirilməsi mümkün deyil”.
//Gülnarə Abasova, Editor.az

