“Görünən odur ki, Ermənistan tərəfi üçtərəfli bəyanatın imzalanmasının bir illiyi ərəfəsində Azərbaycan, Rusiya, Ermənistan liderləri arasında yeni bəyanatın imzalanması ilə bağlı Moskva tərəfindən təklif alıb, lakin bu təklifə verməli olduğu müsbət cavabı uzadır. Ermənistan Azərbaycanla bağlı müxtəlif bəhanələr gətirərək oktyabrın sonlarından noyabrın ortalarına qədər yeni liderlərin görüşünü uzatmaq imkanı əldə etdi və nəticə etibarilə artıq bu həftə də gözlənilən görüş baş tutmadı. Əgər belə bir şey olarsa bu, Rusiyanın Ermənistana ciddi təzyiqi nəticəsində baş tutacaq”.
Bu sözləri Editor.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, Ermənistan hər dəfə Azərbaycanla əldə ediləcək hansısa razılaşmalar ərəfəsində müxtəlif bəhanələr irəli sürür:
” Noyabrın 8 və 9-da Ermənistanda baş tutan müxalifət mitinqləri Nikol Paşinyan tərəfindən bilərəkdən təşkil edilib. Guya ki müxalifət qrupları tərəfindən təşkil olunan anti-Rusiya mitinqləri Moskvanın İrəvanla bağlı daha ehtiyatlı davranmasına gətirib çıxaran amillərdəndir. İndiki halda İrəvan Bakının tələblərini bəhanə gətirərək qəbuledilməz hesab edir və sənədin imzalanmamasını bu və ya digər amillərlə bağlayır. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan bütün hallarda Ermənistanı vadar edəcək ki, üçtərəfli bəyanatdakı bütün müddəalar bu və ya digər şəkildə yerinə yetirilsin”.
Siyasi analitik qeyd edib ki, son zamanlar erməni rəsmilərinin, o cümlədən Ermənistan müdafiə nazirinin Laçın dəhlizi vasitəsilə Xankəndinə getməsi, həddini aşan bəyanatlar verməsi onu göstərir ki, bu dövlət yeni bir sillə yemək üçün özünə şərait yaradır:
“Əgər lazım olarsa, onlar yenidən bizim silləmizlə qarşı- qarşıya olacaqlar. Ancaq indiki məqamda gözlənilən odur ki, noyabrın sonunda xarici işlər nazirləri, eyni zamanda baş nazir müavinləri arasında növbəti görüş baş tutacaq. Bu kimi görüşlərdə əsas məqsəd bəllidir. Digər tərəfdən Nikol Paşinyan qalib liderlə görüşməyə cürət etmir. Nikol Paşinyan 44 günlük müharibədə onun ünvanına səsləndirilən bütün ifadələrlə çox yaxşı tanışdır. Hətta müharibəyə qədər belə Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə üzbəüz görüşlərdə və müxtəlif tədbirlərdə həmişə zəif, gücsüz, əzilmiş və döyülmüş tərəf kimi çıxış edib. Onun xarici görkəmi, danışıq tərzi hər zaman zəif və cılız siyasətçi olduğundan xəbər verir. Bu gün də Paşinyan öz cılızlığını növbəti dəfə nümayiş etdirməkdən çəkinir. Lakin Ermənistan hakimiyyətdə kim olursa olsun dərk etməlidir ki, Azərbaycan bundan sonra da tarixi ədaləti bərpa etməyə davam edəcək”.
//Gülnarə Abasova, Editor.az

