Gübrə “qara bazarı”nın arxasında kim dayanır? — ŞOK FAKTLARbackend

Gübrə “qara bazarı”nın arxasında kim dayanır? — ŞOK FAKTLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı düzgün mexanizmin qurulması məqsədilə islahatlar aparılıb, müvafiq fərman və sərəncamlar imzalanıb, fermerlərə güzəştlər və subsidiyalar verilib.

Prezident İlham Əliyev 2018-ci ildə pambıqçılığın inkişafına dair respublika müşavirəsində çıxış edərək dövlətin yaxın bir neçə il üçün hədəflərini və strategiyasını açıq şəkildə vurğulayıb:

“Son illərdə kənd təsərrüfatının inkişafında, xüsusən də ərzaq təhlükəsizliyi məsələlərində böyük uğurlar əldə etmişik. Ərzaq təhlükəsizliyi məsələləri son illərdə bizim əsas vəzifəmiz olmuşdur. Çünki Sovet dövründə Azərbaycanda pambıq, üzüm, meyvə və tərəvəz yetişdirilirdi, lakin əsas ərzaq məhsulları digər respublikalardan gətirilirdi. Buna görə də biz ilk növbədə daxili tələbatı yerli məhsullarla təmin etmək üçün işləyirdik, çalışırdıq, investisiyalar qoyulurdu. Hesab edirəm ki, ərzaq təhlükəsizliyi məsələlərinin həllində çox ciddi uğurlara nail olmuşuq”.

27 iyun 2019-cu il tarixində cənab Prezident 2020-ci il yanvarın 1-dən qüvvəyə minən “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nı imzalayıb. Ancaq ötən il göründüyü kimi, sözügedən layihələr üçün dövlət tərəfindən verilən pulları qanunsuz şəkildə mənimsəməyin yolunu tapan şəxslər var. Belə ki, 2020-ci ilin iyul ayında Azərbaycan Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğunun nümayəndələri Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının köməyi ilə hüquqi və fiziki şəxslərin qanunsuz fəaliyyətlərini müəyyənləşdirmək üçün əməliyyat keçiriblər.

“High Agro” MMC və “Rövşənoğlu Agro” MMC, həmçinin 6 fiziki şəxs cinayət başında yaxalanıb. Saxlanılan şəxslərdən birinin dediyinə görə, tutulanadək qanunsuz olaraq 5 milyon manatı nağdlaşdırmağı bacarıb. Müvafiq videomaterialı Aqrar kredit və inkişaf agentliyi (AKİA) 13 iyul 2020-ci il tarixində “YouTube” kanalında yayımlayıb. Həmçinin 15 iyul 2020-ci il tarixli video materialda Mirzə Əliyev (AKİA-nın keçmiş sədri, 2020-ci ilin sentyabrında nazir İnam Kərimovun əmri ilə Seymur Mövlayev (“Aqrolizinq” ASC və “Aqrar Xidmətlər Agentliyi”nin keçmiş sədri) AKİA-nın yeni sədri vəzifəsinə təyin edilib) öz çıxışında subsidiya alan fermerlərə davamlı nəzarətin aparıldığını, dronlar vasitəsilə nəzarət metodları, ərazilərin peyk tədqiqatı və yerində monitorinq üçün torpaq sahələrinə səfərlərdən istifadə edildiyini bildirib. Bu mənada qanunu pozan şirkətlərin, fiziki şəxslərin və fermerlərin adları göstərilən siyahıların Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Kredit və İnkişaf Agentliyinin rəsmi saytlarında ictimaiyyətə təqdim edilməsi, həmçinin gübrə alveri üzrə “qara bazar” mövcudluğunu davam etdirdiyi üçün fermer kartları ilə qanunsuz fəaliyyət barədə araşdırma nəticələrinin təqdim olunması çox yaxşı olardı.

İki günlük səthi monitorinqimizin nəticələrinə əsasən bazarda gübrələrin maya dəyərindən aşağı qiymətlərlə köhnə satış sxemi mövcuddur. Satıcılar arasında qiymətləri bazardakı qiymətlərdən kəskin fərqləndiyini müşahidə etmək mümkündür. Belə ki, ammofos gübrəsi alarkən bir 50 kiloqramlıq kisənin qəbz təqdim olunmadan təklif olunan dəyəri 30 manat (nağd olaraq) olub, və yaxud bir tonunun satış qiyməti 600 manat təşkil edib, halbuki bu gübrənin 1 tonun maya dəyəri 720-740 manat aralığındadır. Həmçinin ammofos digər rayonlarda da 50 kiloqramlıq kisə üçün (“Aqrolizinq” ASC-nin loqosu olan kisə) 33 manat və 36 manat qiymətinə alınıb. Satıcı məhsulun həcmi artacağı halda qiyməti endirməyə hazır olduğunu bildirib. Başqa satıcıların belə qiymətlərlə rəqabət apara bilmədikləri və gec-tez bazarı tərk etmək məcburiyyətində qalacaqlarını başa düşmək vacibdir.

Satışlar açıq şəkildə və qeyri-məhdud sayda həyata keçirilir, lakin qiymət yalnız etibarlı şəxslərlə müzakirə edilir. Bununla da qara bazarın gəlirləri bir ton üçün 200 və ya daha çox manata çatır. Hazırda “ağ” bazarda 1 ton ammofosun qiyməti 930 manat (1 kisə üçün 46,5 manat) arasında dəyişir və ən böyük tədarükçü “Aqrolizinq” ASC tərəfindən müəyyən edilir. İctimaiyyət üçün açıq olan məlumatlarının tədqiqinə əsasən 2020-ci ilin avqust ayında “Aqrolizinq” ASC-nin gübrələrin alışı üçün bir tender keçirdiyi, nəticədə “Agro TT” QSC-dən 20 min ton ammonium nitrat (selitra) və 7 min ton nitroammofoska (NPK), həmçinin “Ş.A.R. Aqro” MMC-dən 5 min ton ammofos gübrəsi satın alınması barədə məlumatlar ortaya çıxıb. Bir ton ammofosun dəyəri “Aqrolizinq” ASC-yə 901 manata (530 ABŞ dolları) başa gəlib. Göstərilən dövrdə bazarda ammofosun dəyəri 360 ABŞ dollar həddində idi. “Aqrolizinq” ASC-nin əvvəlki illərdə də tender əsasında gübrə satın alınmasını həyata keçirməsi diqqətçəkəndir. Belə ki, 2019-cu ildə şirkət “Azfar Trans” şirkətindən 40 min ton ammofos (müqavilənin məbləği 36 milyon 40 min manat, bir tonun qiyməti 901 manatdır) və “Ş.A.R Aqro” MMC-dən isə 20 min ton nitroammofoska (müqavilənin məbləği 13 milyon 440 manat) satın alıb. 2019-cu ilin dekabr ayında “Aqrolizing” ASC “Agro TT” QSC-dən 30 min ton ammonium nitrat (müqavilə məbləği 14 milyon 280 min manat) alıb. Yuxarıda göstərilənləri nəzərə alsaq, dövlətin ölkəyə gübrə idxalına vergi tətbiq etməməsi şərti ilə birbaşa istehsalçıdan və treyderdən satın alma arasında fərq 170 ABŞ dollar (289 manat) təşkil edib. Dövlətin 2020-ci ildə 5 min ton ammofos alınmasından itkiləri 1 445 000 manat təşkil edib. Bu vəziyyətdə alıcılar, həmin fermerlər, fermer kartlarının istifadəsi də daxil olmaqla müəyyən çətinliklərlə qarşılaşırlar. Bizə məlum olub ki, əgər torpaq sahəsi sahibinin bir neçə kartı varsa, ancaq bir kartın mövcud balansı lazımlı gübrənin tam kisəsini almağa imkan vermirsə, mövcud kartların balansını birləşdirmək mümkün deyil. Bu vəziyyətdə, fermer gübrələrin alınmasına nağd pul xərcləmək məcburiyyətində qalır ki, bu da onu daha ucuz məhsul satıcısına, müvafiq olaraq qara bazara aparır. Həmçinin nəzərə almaq lazımdır ki, fermer kartına gübrənin qiymətinin 70%-i subsidiya kimi nəzərdə tutulur, 30% isə fermerin özü tərəfindən nağd şəkildə ödənilir. Bu vəziyyətdə, ammofosun tonu 930 manat olan qiymətini nümunə götürsək bu zaman fermer kartdan 651 manat (70%) və nağd şəkildə isə 279 manat (30%) ödəyir. “Əsl” fermer üçün belə bir müsbət ssenarini nəzərə alsaq, elə təəssürat yaranır ki, subsidiyaları daha əvvəl alan və müvafiq olaraq qara bazarı maliyyələşdirən “saxta” fermerlər var, ancaq“əsl” fermer mövsümü çatdırmaq üçün (930 manat – ağ bazar, 600 manat – qara bazar) daha ucuz məhsul satanlara müraciət etməyə məcbur qalır.

Bəlkə də bütün bu subsidiyalar dövlət üçün faydalı nəticələrdən daha çox zərər gətirir, çünki gübrələrin üstünlüklərini və tətbiq üsullarını bilməyən fermerlər fərq qoymadan hər şeyi alır və münbit torpaq qatlarını “yandırırlar”. Bu qatların bərpasına uzun vaxt tələb olunur və ölkənin ərzaq təhlükəsizliyini mənfi təsir göstərir.

Prezident İlham Əliyevin 23 iyul 2020-ci ildə çıxışı zamanı dilə gətirdiyi su təchizatı problemini də buna aid etmək lazımdır:

“Biz kənd təsərrüfatını intensiv şəkildə inkişaf etdirməliyik, bunun üçün isə kifayət qədər su mənbəyimiz olmalıdır və bu da var. Sadəcə belə dəhşətli itkilər olmasaydı, özümüzü su ehtiyatları ilə tam təmin edə bilərdik. Hazırda bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40% təşkil edir, 50%-ə çatır, bu, dözülməzdir. Biz suyu itiririk. Beləliklə, əkin sahələrinə, evlərə su çatmır, əksinə, torpağa ziyan vurur”.

Bu vəziyyətdən çıxış yolu kimi dövlət strukturlarının nəzarəti altında əkin sahələrində damla suvarma sisteminin mərhələli şəkildə tətbiqi görünür.

Sahəyə gedən mərkəzi su təchizatı kanalına su istehlakını göstərəcək bir sayğac quraşdırılır. Bu, ilk növbədə suyun “ağıllı” istifadəsinə və dövlət xəzinəsinə fermerlərdən gəlirlərin daxil olmasına təsir edəcək. Bu həmçinin maye gübrələrin məqbul dozalarda və təyinata uyğun istifadəsinə gətirib çıxaracaq və bu da subsidiyaların sayının kəskin azalmasına səbəb olacaq. Damla suvarma boruları çoxfunksiyalı olduğundan, onlar lazımi miqdarda maye gübrələr və dərmanlar vermək üçün istifadə edilə bilər.

Məqalənin sonunda Azərbaycanın Dağlıq Qarabağdakı azad edilmiş ərazilərində əkin sahələrinin inkişafında çox sayda müxtəlif gübrə və pestisid istifadəsinin yolverilməzliyinin vacibliyini vurğulamaq istərdim. Belə ki, Dağlıq Qarabağ və ətraf beş rayonun xaricindəki 2,2 milyon hektar ərazidən 1 milyon hektarı artıq yararsız (ancaq düzgün damla suvarmanın köməyi ilə bunları bərpa etmək mümkündür. Bu barədə başqa bir məqalədə ətraflı informasiya olacaq) vəziyyətdədir.

Hazırda torpaqlardan istifadə üçün düzgün strategiya hazırlamaq, damla suvarma sistemlərinin aparılması yollarını müəyyənləşdirmək, yeni maye üzvi gübrələrdən istifadəni tətbiq etmək və fermerlərin torpaqlardan düzgün istifadə sahəsində fəal təlimlərinə başlamaq lazımdır.(yenisabah.az)