Güclü və peşəkar qələm daha keçərli olacaq, nəinki əyri yollar…backend

Güclü və peşəkar qələm daha keçərli olacaq, nəinki əyri yollar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qanun heç kimə məhdudiyyət yaratmır, bəzi işbazların mediada qanunsuz fəaliyyətinin qarşısını alacaq”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Media haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Ötən ilin sonuncu iş günündə Milli Məclis tərəfindən üçüncü oxunuşda qəbul edilən qanun artıq qüvvəyə minib. Yeni qanunda bir çox vacib məqamlar öz əksini tapıb ki, onlardan da biri jurnalistlərin güzəştli ipoteka krediti əldə edənlərin kateqoriyasına aid olması ilə bağlıdır. Belə ki, gənc ailənin üzvü olub, 5 illik jurnalist stajına malik olub Media Reyestrinə daxil edilmiş şəxslər, habelə ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də güzəştli şərtlərlə mənzil sahibi ola biləcəklər.

“525-ci qəzet”in baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid Editor.az-a açıqlamasında söyləyib ki, yeni qanunun qəbul edilməsi ölkə mətbuatının qarşısında yeni imkanlar açacaq: “Məlumdur ki, qanunla bağlı müzakirələr uzun müddət idi davam edirdi. İctimai müzakirələrdən, Milli Məclisin komitə və plenar iclaslarında təsdiq edildikdən sonra Prezident İlham Əliyev də bu qanunu təsdiq etdi. Sözsüz ki, bu qanun ölkə mətbuatının və jurnalistlərin həyatında mühüm rol oynayacaq. İnformasiya texnologiyalarının hakim olduğu hazırki şəraitdə yeni media resurslarının da fəaliyyətinə aydınlıq gələcək. Qanun kifayət qədər peşəkar formada hazırlanıb və bütün media subyektlərini əhatə edib. Qanunda Media reyestri ilə bağlı müddəalar jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması, peşəkar media mənsublarının önə çıxması baxımından unikal fürsətdir. Məhz bu amil imkan verəcək ki, mətbuatda müxtəlif işbazların fəaliyyətinin qarşısı alınsın”.

Baş redaktorun sözlərinə görə, KİV-lərdə əmək haqları lazımi səviyyədə deyil və bunu etiraf etmək lazımdır: “Dəfələrlə bu məsələ gündəmə gəlib. Hətta Prezident İlham Əliyev də bununla bağlı öz mövqeyini bildirib və jurnalistlərin mənzil-sosial şəraitinin yaxşılaşdırılması məqsədilə indiyə qədər iki bina inşa olunaraq təhvil verilib. Təbii ki, hazırki şərait və məvaciblərlə media mənsublarının mənzil sahibi olması asan məsələ deyil. Çox sevindiri məqamdır ki, yeni qanunda bu məsələ daha əhatəli şəkildə əhatə olunub. Jurnalistlər güzəştli ipoteka kateqoriyasına aid edilib. Bu çox mühüm məqamdır və mətbuatda peşəkarların sayının artımına yol açacaq. Bütün hallarda mətbuata bir nizam gəlməliydi və son qanun bunun təminatçısı rolunda çıxış edəcək. Qanun heç kimə məhdudiyyət yaratmır, sadəcə bəzi işbazların mediada qanunsuz fəaliyyətinin qarşısını alacaq. Bu isə ölkə mətbuatının ən ağrılı problemlərindən biri idi” – Rəşad Məcid fikrini tamamlayır.

// Gülnarə Abbasova, Editor.az