“Azərbaycan və Gürcüstan arasında münasibətlər uzun müddətdir müsbət mənada inkişaf edir”.
Bu sözləri Editor.az-a Azərbaycan-Gürcüstan əlaqələri ilə bağlı danışarkən siyasi ekspert Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, hər iki ölkənin biri-birinə hər zaman ehtiyacı var: “Gürcüstan Azərbaycanın Qərbə çıxış qapısıdır, o cümlədən bölgədə bir çox məsələlərdə Azərbaycana ehtiyac var. Gürcüstan dövlətinin təhlükəsizliyində Azərbaycan və Türkiyənin rolu böyükdür. Lakin son vaxtlar Cənubi Qafqazla bağlı planlarda Tiflis və Bakı arasında riskli proseslər gedir. Bu daha çox Qərbin Cənubi Qafqazdakı məsələlərə müdaxiləsi fonunda baş verir. Fransa Ermənistana silahların verilməsində Gürcüstanı tranzit marşrutu olaraq görmək istəyir. Ancaq Azərbaycan üçün bu silahlar təhlükə vəd etmədiyindən bu kontekstdə Gürcüstanı başa düşür. Nəticə etibarilə Gürcüstan Azərbaycana təhlükə yaradacaq addımlar atmayacaq”.
//Səbinə Hüseynli, Editor.az

