“Gürcüstan dövlətinin tarixində həlledici dövr başlayır. Gürcü xalqının seçimi onun gələcəyini müəyyən edəcək. Avrointeqrasiya tərəfdarları ilə milliyyətçi kəsim arasında mübarizə getdikcə qızışır. Seçkinin nəticələri tərəflərin iddialarına əsasən müxtəlif istiqamətlərdə yozulur. Nəticələrin belə olacağı da əvvəlcədən qeyd edilirdi. Hakim partiyanın qələbə çalacağını proqnoz edənlərdən elə əks tərəfin sıralarında olanlar da az deyildi. Təbii ki, bunun saxtakarlıq yolu ilə olacağını qeyd etməklə… Avropa təsisatları da buna qarşı ciddi tədbirlərin görüləcəyini qeyd edirdilər. Görünən odur ki, onların proqnozları özünü doğrultdu və hakim “Gürcü arzusu” partiyası özünü qalib elan etdi. Bunun həqiqətən də belə olduğunu müəyyən etmək əslində çox çətindir. Hətta bunun həqiqət olması durumunda belə əks tərəfdən qəbul edilməyəcəyi bəllidir. Məsələ tək Gürcüstanla məhdudlaşmadığından maraqlı güclərin oyunlarının davam etməsi üçün seçkilərin nəticələrinin saxta olması lazımdır”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Onun sözlərinə görə, hazırda Qərbin Gürcüstanda real rəngli inqilab etmək imkanı məhduddur, hətta yox dərəcəsindədir:
“Burada ancaq siyasi mübarizədən söz gedə bilər. Müxalif partiyaların əldə etdiyi təxminən 50 mandatdan imtina etməsi siyasi kriz yarada bilər, seçkilərin yenidən keçirilməsi belə baş tuta bilər. Parlamentin fəaliyyətinin olması üçün ən az 100 deputata ehtiyac var. Hakim partiyanın 90 deputat yeri əldə etdiyi bəllidir. Bu da fəaliyyət üçün yetərli deyil. Görünən odur ki, ya hakim partiya müxalifətlə koalisiyaya getməlidir, hansı ki onlar parlamentdə iştirak etməyəcəklərini açıqlayıblar. Hesab edirəm ki, hadisələr daha da gərginləşmə yönündə getməyəcək. Mövcud hakimiyyətin də məntiqi bəlli və qəbulediləndir. Bunu müxalif cəbhə də başa düşməmiş deyil. Rusiya ilə əlaqələri bərpa etməyi istəyən hakimiyyət, hətta deyilənə görə işğal edilmiş ərazilərin geri qaytarılması da gündəmdədir, tamamilə Avropa təsisatlarından uzaqlaşmaq istəmir. On ildən çox müddətdə hakimiyyətdə olan “Gürcü arzusu” partiyasının dövründə elə Avropa İttifaqına üzvlüklə əlaqəli böyük irəliləyişlər olmuşdu. İndi Rusiyanın maraqlarına uyğun hansısa bir-iki addımın atılmasının tamamilə Rusiyanın yanında durmaq kimi dəyərləndirmək sadəcə hakimiyyəti ələ keçirmək üçün bir bəhanədir. Gürcüstan hesab edirəm ki, indiki hakimiyyət dövründə də Aİ ilə yaxşı inteqrasiya edəcək. Sadəcə ərazi bütövlüyünün bərpası ehtimalını yoxlamaq istəyir. Əks halda Aİ yenə də yerində durur. Amma Rusiya Gürcüstanın işğal etdiyi ərazilərini geri qaytarsa təbii ki, müəyyən şərtlər daxilində bunu edəcək. Ərazi bütövlüyünü bərpa etmək naminə hesab edirəm ki, hansısa dəyərlərdən imtina etməyə dəyər”.
//Gülnarə Abasova, Editor.az

