Macarıstanın baş naziri Viktor Orban Gürcüstana rəsmi səfəri zamanı deyib ki, ölkənin hazırkı hökuməti “Gürcüstanın ikinci Ukraynaya çevrilməsinə imkan verməyib”.
Orbanın sözlərinə görə, bu, Aİ-nin əməkdaşlığı dayandırdığı hökuməti təbrik etmək üçün səbəbdir. “Sizi Avropaya inteqrasiya istəyi kontekstində ölkənizin ikinci Ukraynaya çevrilməsinə imkan vermədiyinizə görə təbrik etmək istərdim. Şəxsən əminəm ki, onilliyin sonuna qədər Gürcüstan həqiqətən də Aİ-yə üzv olmaq üçün ən yaxşı formada hazır olacaq”. O bildirib ki, gürcü xalqı “sülhün lehinə seçim edib” və Orban belə bir seçimi “başa düşür”. “Xalq Avropa seçimini edib, buna görə də inanıram ki, hakim partiya Avropaya inteqrasiyaya sadiqdir”, – macar siyasətçi əlavə edib.
X-də Orban Gürcüstanın Avropaya inteqrasiya səylərini dəstəkləmək və iki ölkə arasında münasibətləri gücləndirmək üçün Tbilisiyə gəldiyini yazıb. “Bir şey aydındır: Gürcüstan xalqı azad və demokratik seçkilərdə sülh və firavanlığa səs verib” – Orban deyib.
//Samir Qurbanov, Editor.az

