Gürcüstan hökuməti ölkənin mümkün nüvə münaqişəsinə hazırlaşdığını bəyan edib. Respublika parlamentinin qapalı iclasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqor Liluaşvili çıxış edərək Gürcüstanın bütün lazımi tədbirləri gördüyünü bildirib.
“Mövcud çağırışlar regionda nüvə silahının istifadəsini istisna etmir, ona görə də biz ehtiyatlı və ağlabatan siyasət yürütməliyik”, – Liluaşvili deyib. Təhlükəsizlik Xidmətinin rəhbəri bildirib ki, hakimiyyət nüvə münaqişəsi ilə bağlı tədbirlərin siyahısını hazırlayıb.
Gürcüstanın hər bir dövlət qurumu nüvə müharibəsi zamanı nələrin görülməli olduğu barədə göstərişlər alıb. Respublika Səhiyyə Nazirliyi vətəndaşlara paylanacaq dərman vasitələrinin siyahısını hazırlayıb. Bundan əlavə, nüvə silahının istifadəsi zamanı zərər çəkəcək insanlara yardım göstərmək üçün plan da tərtib edilib.
Liluaşvili bildirib ki, ölkənin COVID-19 pandemiyası zamanı əldə etdiyi fövqəladə hallarda iş təcrübəsi var. Qazanılan təcrübə nüvə müharibəsi zamanı yarana biləcək problemlərin həllinə kömək edəcək. Gürcüstan rəsmisi etiraf edib ki, ölkəyə birbaşa hücum zamanı hökumətin gördüyü tədbirlər kömək etməyəcək, ona görə də Gürcüstan ölkə daxilində və xaricdə ehtiyatlı siyasət yürütməlidir.
//Samir Qurbanov, Editor.az

