Gürcüstanın baş naziri İrakli Kobaxidze oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra müxalifətin iğtişaşlar təşkil etmək planlarından danışıb.
Hökumət başçısı qeyd edib ki, müxalifət qələbəyə ümidi olmadığından seçkilərdən sonra Gürcüstanda vəziyyəti gərginləşdirmək niyyətindədir. “Onlar “Gürcü arzusu qalib gəlsə” sözlərini lüğətlərindən çıxarıb və daim “Gürcü arzusu seçkiləri saxtalaşdırsa” deyirlər, – İrakli Kobaxidze bildirib.
Baş nazir qeyd edib ki, müxalifət növbəti dəfə seçkilərin nəticələrini tanımayacaq və bütün ölkəni iğtişaşlara və dövlət qurumlarına hücumlara yönəldəcək. Bununla yanaşı, Kobaxidze xəbərdarlıq edib ki, ölkədə sabitliyi pozmağa yönəlmiş istənilən cəhdlər ciddi şəkildə yatırılacaq. O əlavə edib ki, Gürcüstan təxribatların qarşısını almaq üçün bütün imkanlara malikdir. Bundan əlavə, Nazirlər Kabinetinin rəhbəri qeyd edib ki, seçki kampaniyası sakit şəraitdə keçirilir, heç bir ciddi qanun pozuntusu yoxdur.
//Samir Qurbanov, Editor.az