Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili avqustun 6-da bildirib ki, ölkə prezidenti Salome Zurabişvili keçmiş prezident Mixail Saakaşvilini əfv edə bilər.
Editor.az bildirir ki, bu barədə o, Gürcüstanın “Birinci Kanal”ına istinadən deyib. Spikerin sözlərinə görə, müxalif “Mtavari” telekanalının təsisçisi və baş direktoru Nika Qvaramiyanı əfv edən prezident üçün bunu etmək çətin deyil: “Saakaşvili Salome Zurabişvilinin vəzifəsində qalmasını təmin etməyə çalışıb, lakin “Milli Hərəkat“ onu tərk etdi ki, lazım bildikdə və vəziyyət yetişəndə Salome Zurabişvili əfv aktı imzalasın, burada təəccüblü nə var? – Papuaşvili deyib. Papuaşvili Avropa İttifaqı nümayəndələrinin bu məsələlərə “müdaxilə etdiyini” də açıqlayıb.
“NewsGeorgia” xəbər verir ki, Zurabişvili həmin gün mətbuat konfransında jurnalistin keçmiş prezidenti əfv edib-etməyəcəyi ilə bağlı sualını cavablandırıb. Onun sözlərinə görə, o, əvvəllər bu suala birdəfəlik cavab verib. Nəşr xatırladır ki, iki il əvvəl prezident eyni suala “Xeyr, heç vaxt!” cavabını vermişdi. Zurabişvili həmçinin bildirib ki, Saakaşvili məsələsi bu gün “aktual deyil”. “Bu gün Gürcüstanı hansı gələcəyin gözlədiyi vacibdir, biz əvvəlcə Gürcüstanı xilas etməliyik, sonra Saakaşvilinin taleyi öz yerini alacaq” – Zurabişvili bildirib.
//Samir Qurbanov, Editor.az