Gürcüstan prezidenti Salome Zurabişvili bir sıra Avropa ölkələrinə işgüzar səfərlər edə bilməyəcək, çünki bu səfərə ölkə hökumətləri razılıq vermirlər.
Editor.az xəbər verir ki, bu barədə məlumat verən Hakim parlament fraksiyasının rəhbəri Mamuka Mdinaradzenin sözlərinə görə, problem Zurabişvilinin yumşaq desək, mübahisəli bəyanatlarındadır.
“Hələ avropalı həmkarlarımız qiymətləndirmə meyarları ilə Gürcüstanın islahatlar istiqamətində birinci olduğunu təsdiqləyəndə və Gürcüstan prezidenti parlamentin tribunasından bunun əksini deyəndə, təbii ki, risklər var idi”, – siyasətçi deyib.
Millət vəkili vurğulayıb ki, prezidentdən qəribə açıqlamaların ola biləcəyi ehtimalı var və bu siyasi fiqurun statusu kifayət qədər yüksək olduğundan, belə bir təhlükədən qaçmaq daha yaxşıdır. Lakin parlamentin vitse-spikeri Gia Volski Zurabişvilinin səfərinin artıqlığına eyham vurub: onun sözlərinə görə, Tbilisi ilə prezidentin səfər edəcəyi ölkələr arasında onsuz da ən yüksək səviyyələrdə sıx əlaqələr mövcuddur.
“Prinsipcə, intensiv məsləhətləşmələr aparmayacağımız Avropa ölkəsi qalmayıb”, – Gia Volski deyib.
Xatırladaq ki, hökumət administrasiyası xəbərdarlıq etmişdi ki, əgər prezident hökumətin arzusuna zidd olaraq səfərə çıxarsa, o zaman ölkə konstitusiyasını pozmuş olacaq.
//Samir Qurbanov, Editor.az

