“Gürcüstan Qərbə inteqrasiya xəttini şifahi olaraq elan etmiş olsa…”-Politoloqla müsahibəbackend

“Gürcüstan Qərbə inteqrasiya xəttini şifahi olaraq elan etmiş olsa...”-Politoloqla müsahibə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az politoloq Natiq Miri ilə müsahibəsini təqdim edir:

-Natiq bəy, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Burada KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilirdi. Bu qanunun mahiyyəti nədir?

– Onu qeyd edim ki, birinci oxunuşda qəbul edilən bu qanunvericilik əvvəlcə Rusiyada qüvvəyə minib. Qərb tərəfindən irticaçı qanun kimi dəyərləndirildi. Çox maraqlıdır ki, birdən-birə sözügedən qanun Gürcüstanda da peyda oldu. Bu da diqqətdən qaçmadı. Bütün oxları Rusiyaya yönəltdi. Onun təzyiqi ilə qəbul olunan qanunvericilik aktı kimi qiymətləndirilir.

– Bəs sözügedən qanunun qəbulu nəyə hesablanmışdı? Hansı məqsədlər güdülürdü?

– Əgər bu qəbul edilsəydi, Rusiyanın maraqlarına uyğun olaraq həm medianın, həm də qeyri-hökümət təşkilatlarının fəaliyyəti müəyyən mənada təhlükə altında qala və ya imkanları məhdudlaşdırıla bilərdi. Həmçinin Qərb dövlətləri və ABŞ kimi ciddi siyasi mərkəzlərlə birgə fəaliyyət imkanları da risk altına düşəcəkdi. Yəni bu düşünülmüş bir addımdır. Heç şübhəsiz ki, Rusiyanın planıdır. Cinayətkar Bidzina İvanişvili iqtidarı dövründə rəsmi Moskvanın əksər sifarişləri çox rahatlıqla qəbul edilirdi. Sabiq prezident Mixail Saakaşvilinin cəzalandırılması və bütün təzyiqlərə baxmayaraq heç müalicə üçün də sərbəst buraxılmaması göstərir ki, Gürcüstan Qərbə inteqrasiya xəttini şifahi olaraq elan etmiş olsa da əslində hələ də İvanişvili Rusiya tərəfindən idarə edilir. Oğurluq, cinayət tərkibli qazandığı pullar elə həmin ölkədə əldə edilib. Düşünürəm ki, bu xüsusda rəsmi Moskvanın ona ciddi təzyiq mexanizmləri mövcuddur.

-Natiq bəy, bəhs etdiyimiz qanunun qəbulu Gürcüstanda böyük etiraz dalğasına səbəb oldu. Nəticə etibari ilə isə aksiyaçılar istəklərinə nail oldular. Yəni “Xarici agentlər haqqında” qanun layihəsi geri götürülüb. Bu aksiyanın səbəbi nə idi?

– Əvvəlcə bildirmək lazımdır ki, bu etirazlar müxalifət və digər qeyri-hökümət təşkilatları ilə birgə təşkil olundu. Həmin etirazlar da İvanişvili iqtidarı üçün böyük təhlükə yaradır. Çünki potensial olaraq davamlı hal alarsa, bu etiraz dalğası bütün Gürcüstana yayıla və Bidzina iqtidarını “süpürə” bilər. Onu da nəzərə almaq lazımdır ki, etirazlar başlayan kimi dərhal ABŞ, Avropa Birliyi səviyyəsində ciddi şəkildə dəstəkləndi, mövcud hakimiyyət ittiham olundu. Lazım olduğu təqdirdə ABŞ bu iqtidarı cəzalandırmaq üçün müəyyən “cəza alətlərinin” olduğunu da diqqətə çatdırdı. Düşünürəm ki, bu İvanişvili və digər yüksək rütbəli məmurlara verilən bir mesajdır. Çünki onların Avropada, ABŞ-da yəqin ki, böyük miqdarda bank hesabları mövcuddur. “Barmaq hədəsi” birbaşa onlara ünvanlanıb. Ona görə də bundan ruhlanan xalq və etirazçılar gecənin soyuğunda , su şırnaqları ilə isladılmalarına baxmayaraq meydandan dağılmaq istəmirdi. Sonuna qədər istəklərinə nail olmağa çalışırdılar. Bu da baş verdi. Qərar geri çəkilibsə, bu artıq xalqın qələbəsidir. Etirazların arxasında duran əsas niyyət isə Rusiyanın Cənubi Qafqazdan çıxarılmasıdır.

-Sizcə bu niyyət reallaşacaq?

-Düşünürəm ki, həmin proses artıq başlayıb. Rusiya Ermənistanda ciddi formada sıxışdırılır. Azərbaycan-Ermənistan münasibətlərinin çözülməsi kontekstində Rusiyanın iştirakı minimumdur. Bəlkə də heç yoxdur. Çünki Zəngəzur dəhlizi Rusiyanın istəklərinə rəğmən “dəhliz” statusunda açılmadı. Ona görə ki, bu yola nəzarət edən rus qoşunları olacaqdı. Qərb buna imkan vermədi. Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya məsələsində də rəsmi Moskvanın demək olar ki, heç bir iştirakı yoxdur. Bunun üçün Rusiya təkilf etmişdi ki, KTMT-nin qoşunları Ermənistana gəlsin və sərhəddə dursun. Lakin razı olmadılar və əvəzində Avropa Birliyinin müşahidə missiyası yerləşdirildi. Artıq Rusiya tərəflər arasındakı münasibətlərdə yalnız 10 noyabr bəyannaməsi çərçivəsində sıxışdırılıb. Bu gün Qərb ciddi formada Rusiya qoşunlarının Qarabağdan çıxarılmasına çalışır. Çünki bu addım Ermənistanda mövcud olan rus qoşunlarının da çıxarılmasına təkan verəcək. Əslində ideoloji və psixoloji cəhətdən erməni əhalisi artıq buna hazırlanır. Paralel olaraq Qərbin Gürcüstandakı etirazları dəstəkləməsi də aydın göstərir ki, Rusiyanı Qafqazdan çıxartmaq məsələsi gündəmdədir. Bu istiqamətdə ciddi fəaliyyət var.

//Safura Bənnayeva,Editor.az