“Gürcüstan Azərbaycan üçün Avropaya, Qara dənizə çıxış qapısıdır”.
Bunu Editor.az-a politoloq Natiq Miri Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri çərçivəsində müzakirəyə çıxarılan mövzular və aparılan müzakirələrin iki ölkə üçün hansı imkanları yaradacağı ilə bağlı ünvanladığımız sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, Gürcüstan həm nəqliyyat, həm də logistika baxımından Azərbaycan üçün strateji əhəmiyyət daşıyır:
“Dəmiryolu, dəniz limanları, nəqliyyat və logistika nöqteyi- nəzərindən bu sahələrin inkişaf etdirilməsi, imkanların artırılması yaxın perspektivdə Şərqdən Qərbə yük daşımalarının həcmini artıracaq. Azərbaycan prezidenti İlham Əliyev də dəfələrlə vurğulayıb ki, artıq Şərqdən Qərbə yükdaşınması 5 dəfə artıb. Bu artım gələcək perspektivdə də davam edəcək. Bu yöndə Gürcüstanın infrastruktur imkanlarının inkişafına ehtiyac var”.
Politoloqun fikrincə, Azərbaycan da Gürcüstan üçün strateji əhəmiyyətə malikdir:
“Gürcüstanın enerji təhlükəsizliyinin əsas təminatçısı Azərbaycandır. Rəsmi Bakı bu gün rəsmi Tiflisə ciddi investisiya qoyan ölkələrin önündə gedir. Gürcüstanın təhlükəsizlik məsələsində də Azərbaycan rəsmi Tiflislə ciddi əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycan, Türkiyə və Gürcüstanın “üçlük” formatı da mövcuddur. Zaman-zaman bu kontekstdə hərbi təlimlər də keçirilir. Onu da qeyd edim ki, təkcə enerji daşıyıcılar və ticarət yükləri Azərbaycan üzərindən Gürcüstana daşınmayacaq. Yaxın perspektivdə Azərbaycanda bərpa olunan enerjinin Avropaya ötürülməsi məsələsi də ciddi şəkildə gündəmdədir. Bu yöndə rəsmi Tiflisin də hazırlığına ehtiyac var”.
//Safura Bənnayeva, Editor.az

