Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı bölmələri Tbilisidə dövlət universitetinin binası yaxınlığındakı prospekt boyu çadırlarla hərəkəti məhdudlaşdıran etirazçıları dağıdıblar.
Editor.az bildirir ki, bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb. Etirazçılarla polis arasında toqquşmalar başlayıb, bir neçə nəfərin həbs olunduğu bildirilir. Xüsusi təyinatlılar binanın yaxınlığında qurulmuş barrikadaları söküb və nümayişçilərin yolları bağlamaq üçün istifadə etdiyi avtomobillərin təxliyyəsini koordinasiya edib.
Belə ki, asayiş keşikçiləri Çavçavadze prospektini tamamilə təmizləyərək nümayişçiləri yaxınlıqdakı Melikişvili prospektinə sıxışdırıblar. Müxalifət liderləri də oradadırlar, lakin vəziyyətlə bağlı hələlik heç bir açıqlama verməyiblər.
Qeyd edək ki, noyabrın 18-nə keçən gecə müxalifətin Nika Qvaramiyanın rəhbərlik etdiyi Dəyişiklik Koalisiyasının fəalları dövlət universitetinin binası yaxınlığında 30-a yaxın çadır qurublar. Onlar saxta hesab etdikləri parlament seçkilərinin nəticələrinin ləğvi uğrunda mübarizənin yeni mərhələsinə keçdiklərini bəyan ediblər.
//Samir Qurbanov, Editor.az