Gürcüstana tətbiq olunan sanksiyalar Azərbaycana necə təsir edəcək?-ŞƏRHbackend

Gürcüstana tətbiq olunan sanksiyalar Azərbaycana necə təsir edəcək?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellin mətbuat katibi Peter Stano açıqlamasında bildirib ki, Gürcüstan Rusiya ilə aviaəlaqəni bərpa edərsə, Avropa Birliyi Tiflisə sanksiya tətbiq edəcək.

“Rusiya ilə Gürcüstan arasında avia əlaqənin mümkün bərpası ilə bağlı son müzakirələrdən xəbərdarıq. Avropa Birliyi Gürcüstanı Rusiyanın aviasiya sənayesinə qarşı tətbiq etdiyi sanksiyalara qoşulmağa və sanksiyalardan yayınma cəhdlərinə qarşı ayıq olmağa çağırır”, – Stano bildirib.

Mövzunu Editor.az-a şərh edən politoloq Şəbnəm Həsənova bildirib ki, istər ABŞ, istərsə də Avropa İttifaqı artıq üçüncü tərəfləri dalana dirəyir ki, Rusiyaya qarşı münasibətdə tam açıq mövqe ortaya qoysun və Rusiya şirkətlərinin sanksiyalar rejimindən yan keçməsinə mane olmasınlar:

“Bu ciddi təzyiqlə üzləşən ölkələrdən biri də Gürcüstandır. Rusiya-Gürcüstan aviareyslərinin mümkün bərpası ilə bağlı danışıqlar gedir və bu perspektivi Qərb olduqca mənfi dəyərləndirir. Bundan öncə belə təzyiqlər Rusiya ilə aktiv ticarət həyata keçirən və bunu dayandırmayan Türkiyənin nüfuzlu biznes dairələrinin təmsilçilərinə qarşı da olmuşdu. Bu təzyiqlər nəinki Qərb və Rusiya olmaqla tərəfləri və ölkələri üz-üzə qoyur, məlum məsələdir ki, Ukrayna da üçüncü dövlətlərə qarşı kəskin mövqe nümayiş etdirir ki, kimin yanında, kimin də qarşısında dayandığını bilsin. Nəzərə almalıyıq ki, Ukrayna-Gürcüstan gərginliyinə həm də Mixail Saakaşvilinin aqibəti ilə bağlı məsələlər də təsirsiz ötüşmür. Düşünürəm ki, 2008-ci ildə Rusiyanın gücünün sərt komponenti ilə üz-üzə qalan Gürcüstan indiki məqamda bacardığı qədər balanslı mövqe nümayiş etdirməyə çalışır, öz ərazisini və vətəndaşlarını qorumaq arzusundan çıxış edir. Odla-su arasında qalan bu səy uğursuz olarsa belə, zənn etmirəm ki, Gürcüstan vasitəsilə Avropaya çatan neft və qaz kəmərlərinə mənfi təsir edəcək. Avropanın özü indi elə bir vəziyyətdədir ki, onlar üçün sadəcə alternativ enerji təminatçısı tapmaq prioritet deyil, əsas məsələ həm də etibarlı tərəfdaş tapmaqdır ki, Azərbaycanın simasında buna nail olublar. Avropa ehtiyac duyan, Azərbaycan təmin edən, Gürcüstan isə tranzit ölkədir. Yəni, bu məsələdə Aİ öz ehtiyaclarını əsas tutacaq”.

Politoloqun sözlərinə görə, Moskvaya qarşı “ikinci cəbhə” açmaq baxımından əvvəlki məqamda üçüncü tərəflər təzyiqlə üzləşirdilərsə, indi isə bu daha da sərtləşdirilərək hətta onlar qarşısında seçim qoyulur, təhdidlər də saçılır:

“Avropa İttifaqı ilə Rusiyanın Cənubi Qafqaz regionunda, xüsusən də Gürcüstanda öz təsirini göstərməsi hərbi aqressiya ilə nəticələndiyi təcrübəsi var. Gürcüstan üçün bu məsələ fəlakətlə nəticələndi, təkcə Cənubi Osetiya ərazisində deyil, həm də Gürcüstanla sərhədin cənubunda infrastruktura ziyan dəydi, xarici siyasət paradiqmasında ciddi dəyişiklik baş verdi. Görünür, Qərb Rusiyanı çökdürmək istiqamətində həyata keçirilməsi mümkün olan bütün alətlərdən açıq şəkildə istifadə edəcək və bu məsələdə onların çərçivə siyasəti mövcud deyil.
Bu sərt mövqe və seçim qarşısında qoyulma nəinki regionda, bütövlükdə beynəlxalq münasibətlər sistemində təhlükəli prinsipdir. Aviareyslərlə bağlı danışıqları Aİ regionda özünün iqtisadi strukturları dəyişdirmək səyləri ilə ziddiyyət təşkil etdiyini hesab edir. Azərbaycanla mövcud olan neft və qaz layihələri sadəcə enerji təminatı və iqtisadi təşviqi deyil, beynəlxalq münasibətlərdə əməkdaşlığın daha geniş məsələsini də nəzərdən keçirir. Bütün bunların fövqündə isə ən önəmlisi Azərbaycanın Qarabağ bölgəsində qanunsuz biznes quran, Laçın yolunun azərbaycanlılar tərəfindən blokadaya alınması ilə bağlı amansız, həm də bir o qədər uğursuz saxta xəbərlər yayan qaçaq milyarder Ruben Vardanyana qarşı sanksiyalar tətbiq olunmalıdır “.

//Safura Bənnayeva, Editor.az