Gürcüstan Daxili İşlər Nazirliyinin polis xüsusi təyinatlılarının planlaşdırılması şöbəsinin rəisi, polis polkovniki İrakli Şaişmelaşvili istefa verdiyini açıqlayıb. Bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb.
Bildirilir ki, cənab Şaişmelaşvili sosial şəbəkədəki səhifəsində daxili işlər naziri Vaxtanq Qomelauriyə ünvanlanmış bəyanat yayıb. Xüsusi təyinatlıların işinə nəzarət edən Xüsusi Təyinatlar Departamentinin şöbə rəisi, sonradan ehtiyata keçirilməklə, “ailəvi səbəblərə görə” vəzifəsindən azad edilməsini xahiş edib. İrakli Şaişmelaşvili postunu Gürcüstan və Aİ-nin bayraqlarının simvolları ilə müşayiət edib.
Qeyd edək ki, ötən həftə Gürcüstanda hakimiyyətin Avropaya inteqrasiya prosesini 2028-ci ilə qədər dayandırmaq qərarı ilə bağlı yeni etiraz dalğası başlayıb. Amerikanın dövlət katibi Entoni Blinken ABŞ-ın Gürcüstan hakimiyyətinə qarşı əlavə sanksiyalar tətbiq etməyi planlaşdırdığını bildirib.
//Samir Qurbanov, Editor.az