“Rusiya ilə Qərb arasında Qafqaz uğrunda mübarizə uzun illərdir ki, davam edir. Bu mübarizənin illər ərzində özünü göstərdiyi kəskin əlamətləri də göz qabağındadır. Söhbət postsovet ölkələri ilə bağlıdır. Mübarizənin acı nəticələri ilə bu ölkələrin xalqları üzləşir. Artıq sirr deyil ki, Avropa İttifaqı, ABŞ, bir sözlə Kollektiv Qərb bu ölkələri öz nəzarəti altına almaq istəyir. Məqsəd bir tərəfdən Rusiyanı zəiflətmək, digər tərəfdən strateji maraqlara cavab verən məqsədlərə nail olmaqdır. Gürcüstanda baş verən mənzərə də bunu bir daha təsdiq edir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.
Onun sözlərinə görə, Gürcüstanda qərbyönlü qüvvələr bir qədər geri çəkilməyə məcbur olub:
“Çünki gürcü seçicisi indiki hakimiyyətə səs verir və bununla hesablaşmaq lazımdır. Söhbət ondan gedir ki, ola bilsin ki, hazırda seçilən hakimiyyət öz kursunu davam etdirəcək. Bununla həmin o qütblər arasında mübarizə dayanacaq, ancaq səngiməyəcək. Yenidən Rusiya ilə Qərb arasında müxtəlif istiqamətlərdə gizli və ya açıq şəkildə mübarizə başlayacaq. Görünən odur ki, bununla hesablaşmaq çətin olsa da postsovet məkanında hər bir xalq, hər bir siyasi qüvvə öz maraqları çərçivəsində xalqın ondan istədiyi kursa nail olmalı və onu davam etdirməlidir”.
//Gülnarə Abasova, Editor.az