Gürcüstanda QƏRBİN OYUNLARI: Plan nədir?- ŞƏRHbackend

Gürcüstanda QƏRBİN OYUNLARI: Plan nədir?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcüstanda davam edən etiraz dalğasının arxasında daxili səbəblərdən daha çox xarici səbəblər dayanır. Burada daha çox geopolitik səbəblər ön planda yer alır. ABŞ və Qərb Cənubi Qafqazda geopolitik üstünlüyü ələ keçirməyə can atır. Bu məqsədlə də Cənubi Qafqaz ölkələri üzərində təzyiqi genişləndirmək üçün bütün təsir imkanlarından istifadə edir. Əsas məqsəd Rusiyanı Cənubi Qafqazda tamamilə sıxışdırmağa nail olmaqdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.

Analitik bildirib ki, Ermənistan artıq Qərbin geopolitik müstəmləkəsinə çevrilib və hazırda Cənubi Qafqazda Qərbin regional forpostu rolunu oynayır:

“Gürcüstan həm Rusiya, həm də Qərblə müəyyən münasibətləri olan ölkədir. Ancaq ABŞ və Qərb bu ölkəni tamamilə öz təsir dairəsinə almaq niyyətinə düşüb. Ona görə də Gürcüstanda hakimiyyəti dəyişərək qərbyönümlü istiqamətdə formalaşdırmaqla Rusiyanın Gürcüstanda tamamilə uzaqlaşdırılmasına nail olmağa çalışır. Əgər buna nail olarsa, o zaman Rusiya Cənubi Qafqazda küncə sıxışdırılmış olacaq və hətta o regiondan çıxarılmış olacaq. Çünki Ermənistan Qərbin nəzarətindədir. Azərbaycan isə Rusiyanın təsir dairəsindən kənardadır, burada rus hərbi bazaları yoxdur və həm Qərb, həm də Rusiya ilə müəyyən məsafəni qoruyub saxlayaraq balanslı siyasət yürüdür. Geriyə qalan isə yalnız Gürcüstandır ki, onun da nəzarətə alınacağı təqdirdə Rusiya üçün Cənubi Qafqazda olduqca qəliz bir situasiya yaranmış olacaq.

Hazırda Qərbin Gürcüstandakı qrant agenturasının əli ilə Fransa agenti olduğu iddia olunan Prezident Salome Zurabişvilinin liderliyi ilə Gürcüstanda hakimiyyət dəyişikliyinə yönəlik bir planın işə salındığı müşahidə olunur. Ancaq əgər yaxın günlərdə bu plan uğur qazana bilməzsə, növbəti mərhələdə etiraz dalğasının nisbətən zəifləmə ehtimalı yüksəkdir. Əgər etiraz dalğası da zəifləmə mərhələsinə qədəm qoyarsa, ondan sonra Gürcüstanda hakimiyyətin dəyişdirilməsi ilə bağlı planın iflasa uğrayacağı istisna deyil. Əgər əksinə etiraz dalğası artan xətt üzrə inkişaf edərsə, o zaman Gürcüstanın mövcud hakimiyyəti üçün çətin dövr başlaya bilər”.

//Gülnarə Abasova, Editor.az