Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisidə hər gün keçirilən hökumət əleyhinə etirazları saxtakarlıq kimi qiymətləndirib və nümayişlərin xaricdən maliyyələşdiyinə əminliyini bildirib.
“Hər gün Rustaveli prospektinə 300 nəfəri gətirmək üçün təxminən bir milyon dollar lazımdır. Təsəvvür edin ki, onların bunun üçün nə qədər maliyyə resursları var. Bunların hamısı çox saxtadır”, – Kobaxidze bildirib.
Gürcüstanda yeni parlament seçkiləri tələbi ilə davamlı etirazlar keçirilir. Bu etirazlar baş nazir İrakli Kobaxidzenin 2024-cü il noyabrın 28-də ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqları 2028-ci ilə qədər dayandıracağını elan etdikdən sonra başlayıb.
İlk vaxtlar mitinqlər çoxluq təşkil edirdi və kütləvi həbslər olurdu. Bununla belə, son bir neçə ay ərzində etirazlar dinc şəkildə davam edib, daha az iştirakçı var.
//Gülnarə Abasova, Editor.az