“Gürcüstanın vasitəçiliyi mümkün görünmür, Rusiya buna mane olacaq”-AÇIQLAMAbackend

“Gürcüstanın vasitəçiliyi mümkün görünmür, Rusiya buna mane olacaq”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin Ermənistan və Azərbaycan arasında vasitəçilik etməsi regionda ümumi təhlükəsizliyə və sülhə xidmət edə bilər. Amma Gürcüstanın vasitəçiliyi mümkün görünmür. İlk növbədə Rusiya buna imkan verməyəcək və rəsmi Tiflis yalnız iki ölkənin təkliflərini bir-birlərinə çatdıra biləcək”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, Ermənistan və Azərbaycan arasında mümkün münasibətlərin normallaşması 10 noyabr və 11 yanvar razılaşmaların yerinə yetirilməsindən sonra mümkündür:

“Burada əsas vasitəçi isə Rusiyadır. İrakli Qaribaşvilinin Azərbaycana səfəri və apardığı danışıqlar ölkəsi ilə Azərbaycan arasında siyasi-iqtisadi əlaqələrin inkişafı və oktyabrda keçiriləcək seçkilər də Azərbaycanın tam dəstəyinin almasına hesablanıb. Ona görə də bu səfər təkcə vasitəçilik missiyası kimi xarakterizə edilməməlidir. Azərbaycan tərəfi Gürcüstanın vasitəçiliyinə müsbət yanaşır. Amma bu Gürcüstanın görəcəyi iş deyil. İlk növbədə Ermənistan müstəqil siyasətə malik olmayaraq Rusiyadan asılıdır. Moskvadan verilən təlimatlar Yerevan üçün keçərlidir. Əgər, Yerevan Tiflisin vasitəçiliyinə razıdırsa, Moskva bunun qarşısını alacaq. Gürcüstanın vasitəçiliyi onda səmərəli və müsbət ola bilər ki, Ermənistan hakimiyyəti müstəqil siyasətə malik olsun. İndiki şərtlərlə Yerevan buna hazır deyil”.

Siyasi analitik qeyd edib ki, bu il aprel ayında Gürcüstanın vasitəçiliyi ilə mina xəritələrinin verilməsi həyata keçirilirdi. Məlum oldu ki, Ermənistan Gürcüstanı da aldadıb. Rəsmi Tiflis yalnız humanitar missiyalarda vasitəçi ola bilər. Sülh müqaviləsi isə böyük dövlətlərin iştirakı və vasitəçiliyi ilə reallaşır.

//Gülnarə Abasova, Editor.az