“Hacı Şahini 40 gün sonra unutmalıyıq” – Tanınmış yazıçıbackend

“Hacı Şahini 40 gün sonra unutmalıyıq” – Tanınmış yazıçı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hacı Şahin sözün həqiqi mənasında Azərbaycan ilahiyyat sahəsinin son illər yetişdirdiyi ən işıqlı, intellektual nümayəndələrindən biri idi. Onun çoxsaylı tərəfdarları vardı, eyni zamanda Hacı həm də bir məsciddə rəhbər olduğuna, sosial şəbəkələrdən fəal istifadə etdiyinə görə populyarlaşmışdı və biz təəssüf edirik ki, Hacı Şahin kimi intellektual din bilicisi aramızdan getdi. Onun ruhunun cənnətlik olması üçün dualar edir, eyni zamanda ailəsinə başsağlığlı veririk. 

Amma klassik İslamda da, dünyanın hər yerində də deyilir ki, bir insanı kimliyindən asılı olmayaraq bütləşdirmək, ilahiləşdirmək qadağandır”. 

Bu sözləri Yenisabah.az-a Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq, Aydın Xan Əbilov deyib.

Bir müddət əvvəl vəfat edən ilahiyyatçı Hacı Şahinin məzarı üstən gecələr də ayrılmayan insanlar barəsində danışan ekspert bunun doğru olmadığını bildirib:

“Şəriətə görə ölən insanın məzarı torpaqla bir olmalı, bir neçə il sonra torpağa, təbiətə qovuşmalıdır. Çünki ölən bizim maddi tərəfimizdir, ruhumuz ilahiyə aiddir. Tanrı özü bilir ki, onu cənnətə göndərəcək, yoxsa cəhənnəmə. Bizdə xalq olaraq şəhidlərə, din adamlarına, imamlara xüsusi ehtiram var, amma istənilən halda, onlar fetişləşdirilməməlidir, çünki İslam bütpərəstliyin qəti əleyhinədir. Məhəmməd peyğənbərimizin özü də kimisə bütləşdirməyin qəti əleyhinə olub. Digər tərəfdən, Hacı Şahinin ölümü ilə bağlı insanların kədərini başa düşmək olar. Bu həyatdır, kimin nə zaman dünyasını dəyişəcəyini biz bilə bilmərik. Bu, Allahın işidir.

Biz kiminsə, o cümlədən Hacı Şahinin ruhunu incitmək istəmiriksə, 40 gün yas saxlayıb unutmalıyıq. Yoxsa dünyanın ilahi nizamı pozula bilər”.

Onun sözlərinə görə, dindar kəsimin bir qismi bundan öz şəxsi maraqları üçün istifadə etməyə çalışır:

“Fikir versəniz, Hacı Şahinin ölümü ilə bağlı bir sıra din xadimləri, ictimai-siyasi xadimlər, hətta dövlət adamları başsağlığı verdilər, amma çox təəssüflər olsun ki, bizim dindar kəsimin bir hissəsi Hacı Şahinin dünyasını dəyişməsini sanki bir bəhanə kimi götürüb bunu siyasiləşdirməyə, güc-qüvvət göstərməyə meyilli oldular. Çox sayda insanın plansız, xaotik dəfn mərasimində iştirak etməsi Bakıda ictimai nəqliyyatın hərəkətinə, insanlara mane oldu, amma gördünüz ki, dövlət bunu normal qarşıladı, onlara qarşı heç bir tədbir görülmədi. Halbuki toplaşmaq haqqında qanunvericilik sənədləri var və sənədlərə görə icazəsiz bu tipli toplantılar olmaz. Dövlətimiz və məmurlarımız isə sağ olsunlar, hörmət əlaməti olaraq buna göz yumdular.

Həmin savadsız kütlənin bir qisminin Hacı Şahinin bizə çatdırmaq istədiyini ilahi, dini fəlsəfi fikirləri anlamayıb arxa plana verib öz maraqlarına görə bu hadisəni xüsusi qeyd etmələri və təmtəraqlı dəfn mərasimi təşkil etmək istəkləri Hacı Şahinin özünün ruhunu da incitmiş olur.

Bu bizim dəyərlərimizin üzərinə də kölgə salır. Biz multukulturalizm, İslam dinin gözəlliyini digər dinlərlə birlikdə ilahi bir nizama çağırış olduğunu qəbul edirik, Hacı Şahin də bunu qəbul edirdi. Amma kütlə sanki bunu qəbul etmək istəmir. Mən fikirləşirəm ki, kütlə bir qədər maariflənməlidir, bu məsələyə real münasibət bəsləməlidir. Bu hadisələr zamanı insanları, o cümlədən Hacı Şahini bütləşdirmək qətiyyən olmaz! Bu şəriətə görə də qadağandır”.

Aydın Xan Əbilov qeyd edib ki, biz uzun illər yas saxlamaq əvəzinə, fikrimizi yeni “hacı şahinlər” yetişdirməyə yönəltməliyik:

“Biz əksinə, yeni nəsil hacı şahinlərin yetişməsinə diqqət yönəltməliyik. Dövlət bununla əlaqədar çox böyük proqramlar işləyir, din xadimləri məscidlərdə maaşla, hətta maşınla təmin ediliblər. Hər birinə illik maliyyə yardımı edilir, dindarlarımızın təhsil alması ilə bağlı böyük bir universitet yaradılıb, dini tədbirləri küçədə çadırlarda yox, məhz mərasim evlərində keçirmək üçün şərait yaradılıb, məscidlər təmir edilib, yeniləri tikilir.

İnanclı insanlara bundan o tərəfə nə lazımdır?! Əgər bu kimlərinsə öz diqtəsini, maraqlarını ortaya qoymaq üçün addım kimi düşünülürsə, buna “yox” deməliyik. Düşünürəm ki, Hacı Şahin də sağ olsaydı, bizim dediyimiz mövqeyi bölüşərdi, çünki biz ondan həmişə işıqlı, sağlam mövqe görmüşdük”.