“Hacıbəyli öz maraqları naminə şeytanla da ittifaqa girər” – Şahin İsmayılovbackend

“Hacıbəyli öz maraqları naminə şeytanla da ittifaqa girər” – Şahin İsmayılov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu komandada təmsil olunanların əksəriyyəti Azərbaycanın ən ləyaqətli övladlarıdır. Bir də, axı nə dəyişib ki? 27 yaşımdan mən bu komandanın fəal üzvlərindən biri olmuşam. Ulu Öndərin atalıq qayğısını hər zaman hiss etmişəm. Əziz Prezidentimizin rəhbərliyi altında Azərbaycanın AŞPA-dakı ilk nümayəndə heyyətində təmsil olunmaq şərəfinə nail olmuşam. Mənim üçün bu gün də heç nə dəyişməyib və dəyişməyəcək də. Mən əqidə və prinsip adamıyam (https://bit.ly/3tWAoc3). Bu fikirlər 2010-cu ildə növbəti parlament seçkilərində iştirak etməyən Gültəkin Hacıbəyliyə məxsusdur. Lakin tarixin növbəti gedişatı göstərdi ki Gültəkin Hacıbəyli nəinki dəyişdi, hətta yüksək mənəvi dəyərlərdən bəhs edərək söylədiyi əqidə və prinsip adamından əqidəsiz və prinsipsiz, hətta primitiv birinə çevrildi.Yəqin ki, hətta tarixin tozlu səhifələrində qalan və vaxtilə Gültəkin Hacıbəylinin ən kəskin şəkildə tənqid və təhqir etdiyi, özünə müxalifət deyən kəs belə düşünmürdü ki, nə vaxtsa xanım Hacıbəyli onların sırasına qoşulacaq və onlardan daha artıq primitiv olacaq. Əslində istər Əli Kərimlinin, istər Cəmil Həsənlinin, istərsə də milli şura adlanan qruplaşmanın potensialı, daha doğrusu potensialsızlığı Gültəkin Hacıbəyliyə çox yaxşı məlumdur. Lakin görsənən odur ki, Hacıbəyli öz şəxsi hədəflərinə çatmaq üçün hətta şeytanın özü ilə də anlaşmağa hazırdır.

Azərbaycanda hər kəsə aydın şəkildə məlumdur ki, milli şura adlanan qruplaşma bu və ya digər məsələdə Azərbaycana hər hansı bir formada təsir göstərməyə çalışan qüvvələrin bir layihəsidir. Orada təmsil olunan insanların Azərbaycan tarixində olduğu kimi, siyasi səhnəsində də heç bir yeri yoxdur. Bəs bu primitiv qruplaşma nəyə görə Gültəkin Hacıbəyliyə bu qədər cəlbedici oldu? Təbii ki, milli şuranın primitivliyi və xarici dairələrə bağlılığı hər kəs kimi Gültəkin Hacıbəyliyə də məlum idi. O, milli şuradakı insanların primitivliyindən istifadə edərək, əvvəlcə bu qurumda rəhbər şəxsə, daha sonra isə Azərbaycanda müxalifətin simasına çevrilmək istəyirdi. Ortada nə Azərbaycan sevgisi, nə vətən, nə millət anlayışı var idi. Ortada olan yalnız Gültəkin Hacıbəylinin hakimiyyət hərisliyi və hikkəsi idi. Bu hərislik onu Azərbaycanda fəaliyət göstərən müxtəlif səfirliklərə öz xidmətlərinin təklifindən tutmuş, beynəlxalq təşkilatlara, o cümlədən anti-Azərbaycan mövqeyi ilə fərqlənən beynəlxalq qeyri-hökümət təşkilatları ilə əməkdaşlığa vadar edir. O, eyni zamanda Azərbaycandan kənarda fəaliyyət göstərən və özlərinə blogger deyən şəxslərin müxtəlif yutub kanallarında gedən verilişlərdə də baş roldadır.

Azərbaycan 30 ilə yaxın dövrü əhatə edən işğal faktını öz gücünə aradan qaldırdı və ərazi bütövlüyünü bərpa etdi. Vətən müharibəsi dövründə Azərbaycanda fəaliyət göstərən əksər siyasi partiyalar yeni siyasi konfiqurasiya dövrünə uyğun olaraq Azərbaycan hakimiyəti ilə həmrəylik nümayiş etdirdilər. Hətta bu müqəddəs işdə belə biz Gültəkin Hacıbəylinin hər hansı həmrəylik fikrini eşitmədik. Belə bir məsələdə də öz dövlətinə mənəvi dəstək olmayan birisinin özünün hər zaman ağız dolusu ilə danışdığı Vətən sevgisinə inanmaq olarmı? Əlbəttə ki, yox. Gültəkin Hacıbəyli və onun kimiləri keçmişdir. Gələcək isə güclü Azərbaycandır.

Yazıda tez-tez primitiv sözündən istifadə etdim. Gültəkin Hacıbəyli primitivdir, Azərbaycan siyasi səhnəsinin primitiv fiquru.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov