Türkiyənin xarici işlər naziri Hakan Fidan G20 nazirlərinin Rio-de-Janeyroda keçirilən toplantısında bütün BMT sistemində islahatların aparılmasının vacibliyini açıqlayıb.
Editor.az “TRT Haber”ə istinadən xəbər verir ki, o, buna səbəb kimi BMT Təhlükəsizlik Şurasının (TŞ) beynəlxalq böhranları həll edə bilməməsini göstərib.
Telekanalın məlumatına görə, türkiyəli nazir “Qlobal İdarəçilik İslahatı” mövzusunda sessiyada çıxışı zamanı deyib ki, BMT Təhlükəsizlik Şurası bir çox məsələlərdə, xüsusən də Qəzza zolağındakı böhranla bağlı “heç bir addım atmayıb”. O qeyd edib ki, bu, bütün BMT-nin “reputasiyasına kölgə salır”.
Fidanın sözlərinə görə, beynəlxalq hüquqa əsaslanan “daha demokratik, hesabatlı” BMT sistemi lazımdır. Beynəlxalq maliyyə sistemi daha əhatəli, şəffaf və davamlı olmalıdır. Onun fikrincə, maliyyə institutları və banklar inkişaf etməkdə olan və yoxsul ölkələrin maraqlarını nəzərə alan siyasət yürütməlidirlər, əks halda G20 dayanıqlı inkişaf məqsədinə nail olmayacaq.
//Samir Qurbanov, Editor.az

