Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya prezidenti Vladimir Putinlə görüşündə Kiyevlə danışıqlar prosesinə Moskvanın reaksiyasını aldığını bildirib.
Nazirin sözlərinə görə, görüş isti atmosferdə keçib və faydalı olub. İndi o, Ukrayna tərəfi ilə görüşmək niyyətindədir.
Hakan Fidan “Milliyet” qəzetinə açıqlamasında “Bu cür təmaslar və onları böyük səmimiyyətlə müzakirə etmək fürsəti, əgər həqiqətən bir şey etmək istəyirsinizsə, çox vacibdir. Bu baxımdan görüşü çox faydalı hesab edirəm” – deyib: “İstanbulda danışıqlardan sonra bəzi fikirlərimiz oldu, mən onları çatdırdım, reaksiyalarını aldım ki, Kiyevə gedəndə məhsuldar səfərim olsun”, – nazir izah edib.
Hakan Fidan mümkün həll yollarından ən realı uzunmüddətli atəşkəs adlandırıb. “Daimi razılaşma hərtərəfli səylər tələb edir. Bizim müəyyən düsturlarımız var. Biz onları tərəflərlə bölüşürük”, – o deyib.
Qeyd edək ki, Vladimir Putin mayın 26-da Hakan Fidanla görüşüb.Danışıqların əsas mövzusu Rusiya-Ukrayna münaqişəsi olub. Türkiyəli nazir daha sonra eyni məsələni rusiyalı həmkarı Sergey Lavrovla müzakirə edib. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri İstanbulu Ukrayna ilə danışıqların növbəti raundu üçün prioritet platforma adlandırıb. Mayın 29-30-da Hakan Fidan Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.
//Samir Qurbanov, Editor.az