Hakim partiya açıqladı: Ermənistan Türkiyədən gözlədiyini görməyəcəkbackend

Hakim partiya açıqladı: Ermənistan Türkiyədən gözlədiyini görməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Ermənistanla münasibətlərin inkişafı üçün şərtlərini açıqlayıb. Bu barədə partiyanın sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan konstitusiyasını dəyişəndən və Minsk Qrupu ləğv olunandan sonra Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi də sürətlənəcək. Sözçü bildirib ki, ATƏT-in Minsk Qrupu artıq ləğv edilməlidir.

Ö.Çelik, həmçinin qeyd edib ki, Minsk Qrupunun missiyası daha faktiki olaraq yoxdur: “Minsk Qrupunun həll prosesinə töhfəsi olmayıb”.

Siyasi analitik Kənan Novruzov Editor.az-a bildirib ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib:

“İkinci Qarabağ müharibəsindən – Azərbaycan torpaqları erməni tapdağından azad olunandan sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.
Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü 2022-ci il yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub.
2022-ci il oktybarın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Praqa görüşü N.Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə Prezidenti ilə ilk görüşü olub”.

Analitikin sözlərinə görə, Ankara İrəvanla münasibətlərin normallaşması üçün əsas şərt kimi Bakının tələblərinin yerinə yetirilməsi göstərilir:

“Bu, o deməkdir ki, hər iki proses paralel inkişaf etməyə davam edir. Başqa sözlə desək, Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirmədən Türkiyə ilə münasibətlər məhdud səviyyəyə qədər inkişaf edəcək. Ö.Çelikin dediklərindən belə məlum olur ki, Bakı və Ankaranın İrəvanla münasibətlərin normallaşmasına dair şərtləri üst-üstə düşür. Əslində həm konstitusiya dəyişikliyi, həm də Minsk Qrupunun ləğvi ilə bağlı tələb ədalətlidir, beynəlxalq hüquqa uyğundur.

Birincisi, Ermənistan konstitusiyasında həm Azərbaycana, həm də Türkiyəyəə qarşı ərazi iddiaları var. Belə bir şəraitdə Ankaranın İrəvanla münasibətlərin inkişafına məhdudiyyət qoymaması mümkün deyil.

İkincisi, Minsk Qrupu 30 il keçmiş Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nəzərdə tutulmuşdu. Amma vaxt uzatmaqdan və turistik səfərlərdən başqa heç nə etmədi. Artıq Azərbaycan torpaqlarını işğaldan azad edib. Münaqişə səhifəsi qapanıb. Belə bir şəraitdə, əlbəttə, Minsk Qrupuna ehtiyac yoxdur.

Beləliklə, sözügedən iki tələb yerinə yetirilmədən Ermənistan Türkiyə ilə bağlı gözlədiyini görməyəcək”.

//Gülnarə Abasova, Editor.az