İki qonşu ölkə arasında sərhəd hasarları ilə bağlı davam edən gərginlik fonunda “Taliban” Pakistanın Durand xəttinin hasarlanmasına icazə verməyəcəyini söyləyib.
“Biz heç vaxt, heç bir formada hasara icazə verməyəcəyik. Onlar (Pakistan) əvvəllər nə etdilərsə, etdilər, amma biz bundan sonra buna imkan verməyəcəyik. Artıq hasar olmayacaq”. “Tolo News”-un məlumatına görə, bunu “Taliban” qruplaşmasının komandiri Mövllavi Sənaullah Sangin deyib. “Taliban” rəsmisi bu sözləri Pakistan xarici işlər nazirinin Durand xəttinin hasarlanması məsələsinin diplomatik kanallar vasitəsilə müzakirə ediləcəyi ilə bağlı bəyanatına cavab olaraq bildirib.
Əfqanıstan mediasının məlumatına görə, Duran xətti boyunca Pakistan ordusunun hərəkətinin qarşısını almaq üçün Əfqanıstan 30-dan çox zastava tikir. “Biz Əfqanıstanla sərhədi hasarlamışıq və bu, davam edəcək”, – Pakistanın xarici işlər naziri belə deyib.
Yerli media xəbər verir ki, bundan əvvəl “Taliban”ın yerli bölmələri Pakistan hərbçiləri Əfqanıstanın qərbindəki Nimroz əyalətində tikanlı məftilli hasarlar və postlar çəkməsinə mane olub.
“Khaama Press”-in yazdığına görə, Pakistan hərbçiləri Nimroz əyalətinin Çahar Burjak rayonunda Əfqanıstan torpaqlarında öz forpostlarını tikmək istəyiblər. Şahidlər və həmsərhəd rayonun sakinləri bildiriblər ki, qonşu ölkənin hərbçiləri Əfqanıstanın içərisinə 15 kilometrə qədər gedib və yoxlama postları qurmağa çalışıblar. Bu, “Taliban”ın Baş Kəşfiyyat İdarəsinin (GDI) əyalət rəhbərinin şərqdəki Nanqarhar əyalətində Pakistan hərbçilərinin tikanlı məftillərini məhv etməsindən və Əfqanıstan torpaqlarında hasarlar çəkəcəkləri təqdirdə onların fəsadları barədə xəbərdarlıq etməsindən bir həftə sonra baş verib.
“Khaama Press”-in məlumatına görə, iki ölkə Duran Xəttinin təxminən 2400 kilometri üzərində münaqişə içindədir və bu, hər zaman iki tərəf arasında münaqişə və xaosun mövzusu olub, xüsusən də Pakistan xəttə hasarlar çəkməyə başladıqdan sonra.
AzPolitika.info

