İşğal altında olan Sevastopolda hava hücumu xəbərdarlığı elan edilib, dəniz və quru nəqliyyatı fəaliyyət göstərmir.
Editor.az bildirir ki, bu barədə qondarma “Sevastopol qubernatoru” Mixail Razvojaev məlumat verib. Sakinlərdən pəncərələri möhkəm bağlamaq, qazı, suyu və işığı bağlayaraq güclü divarları olan otaqlara sığınmaq, küçələrdə olan insanlara isə sığınacaqlara getmələri tövsiyə olunur.
Sevastopolun Avtomobil Nəqliyyatı İnfrastrukturunun İnkişafı Direktorluğunun Telegram kanalında onlar həyəcan siqnalı zamanı şəhərdə dəniz və quru nəqliyyatının fəaliyyət göstərməyəcəyini bildiriblər.
Daha sonra Razvojaev İnkerman körpüsünün ərazisində tüstünün göründüyünü bildirib. “İnkerman körpüsünün ərazisində tüstü görsəniz, narahat olmayın. Standart aerozol kamuflyajından istifadə edən hərbçilərdir. Xatırladıram ki, qoxu xoşagəlməzdir, lakin tamamilə təhlükəsizdir”.
//Samir Qurbanov, Editor.az

