“HƏMAS-İsrail müharibəsində hər iki tərəfi dəstəkləyən qüvvələr bir-birinə ittihamlarla cavab verirlər. Hələ ki, bu ittihamlar bəyanat şəklindədir”.
Bu sözləri Editor.az– a politoloq Sədrəddin Soltan HƏMAS və “Hizbullah” təşkilatlarının İsrailə qarşı müharibə elan etməsindən sonra bu hücumun arxasında İranın dayandığına dair məlumatların artması məsələsinə münasibətində bildirib.
Politoloq İranın regionda dəstəklədiyi silahlı qüvvələrin “HƏMAS”a yardım etməsinə dair müxtəlif fikirlər səsləndirildiyini diqqətə çəkib:
” Məsələn Livanda “Hizbullah”ın İsrail ərazisini vurmasına dair xəbərlər yayılıb. Və yaxud Bəşər Əsədin hərbi qüvvələrinin HƏMAS-a yardım edəcəyi ilə bağlı fikirlər gündəmdədir. Eyni zamanda, İranın maliyyələşdirdiyi qüvvələrin HƏMAS-a yardım edəcəyi ilə bağlı bəyanatlar var. İran rəsmiləri də bu istiqamətdə çağırışlar edir. Bununla belə İran rəsmiləri onu da bildirir ki, əgər İsrail birbaşa İran ərazisinə müdaxilə edərsə, buna görə cavab verəcəklər. ABŞ-da səslənən İranın bombalanması, İrana hücumla bağlı fikirlər o halda həyata keçə bilər ki, Tehran hakimiyyətinin İsrail-HƏMAS qarşıdurmasındakı iştirakı təsdiqlənsin, yaxud İran rəsmi şəkildə Fələstinə hərbi yardım göndərəcəyini açıqlasın. Habelə İsrail ərazisində onun iştirakı ilə hansısa şəkildə hücum təsdiqlənsin. Bu halda İran ərazisindəki müxtəlif hərbi obyektlərə zərbələr endirilə və zəifləməsinə qarşı kampaniya keçirilə bilər. İndiki şəraitdə ABŞ-ın İrana qarşı hərbi əməliyyatlar həyata keçirtməsinə dair tutarlı əsas yoxdur. Bunu ABŞ Prezidenti Cozef Baydenin bəyanatı da təsdiqləyir. O bildirib ki, ABŞ-ın İsrail tərəfindən hərbi əməliyyatlara qoşulması vacib deyil”.
//Gülnarə Abasova, Editor.az

