“Hazırda İran üçün Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi əsas prioritetlərdən biri sayılır, çünki…”- ŞƏRHbackend

“Hazırda İran üçün Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi əsas prioritetlərdən biri sayılır, çünki…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri olduqca böyük əhəmiyyət daşıyır. Çünki son illərdə Azərbaycan və İran münasibətlərinin ziddiyyətlər içərisində olduğu inkarolunmaz reallıqdır. Belə bir situasiyada İran Prezidentinin Azərbaycan səfəri iki qonşu ölkə arasında münasibətlərin normal məcraya yönəldilməsi üçün eyni zamanda, əməkdaşlıq sahələrinin inkişafı baxımından olduqca böyük əhəmiyyət daşıyır”.

Bunu Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycan və İranın ortaq maraqları kifayət qədərdir:

“Bunlara ticari iqtisadi, təhlükəsizlik sahəsində əməkdaşlıq maraqlarını daxil etmək olar. Bununla yanaşı onu da nəzərə almaq lazımdır ki, Azərbaycan və İran iki önəmli dəhlizdə tərəfdaş olmaq imkanına da malikdirlər. Azərbaycan və İran həm Şərqi Qərblə, həm də Şimalı Cənubla birləşdirəcək dəhlizlər üçün ortaq fəaliyyət göstərmək imkanlarına malik dövlətlərdir. Mövcud qlobal situasiya hər iki ölkənin münasibətlərinin daha pozitiv istiqamətlərə yönəldilməsini diktə edir. Çünki İrana xarici təzyiqlər son vaxtlar atmaqda davam edir. Azərbaycan da balanslı və çox vektorlu xarici siyasət yürütməyə üstünlük verir. Bütün bunları nəzərə aldıqda İran üçün Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi indiki mərhələdə əsas prioritetlərdən biri sayılır. Üstəlik onu da nəzərə almaq lazımdır ki, İran Cənubi Qafqazda müəyyən geopolitik mövqe nümayiş etdirmək iddiasındadır. Bu baxımdan Azərbaycanla yaxşı münasibətlər İranın Cənubi Qafqazdakı mövqelərinə müsbət təsir göstərə bilər. İran “3+3″ formatının da təmsilçisidir. Bu baxımdan Azərbaycanla İran arasında münasibətlərin normallaşdırılması və inkişaf etdirilməsi üçün bütün imkanlar mövcuddur”.

//Gülnarə Abasova, Editor.az