Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi ilə görüşdə erməni qaçqınların Qarabağa qaytarılmasından danışıb. Sergey Lavrov ilk dəfə deyil ki, beynəlxalq təşkilatların nümayəndəsi ilə görüşdə erməni qaçqınların geri qayıdışının vacibliyini qeyd edib. Ermənistan hakimiyyəti Rusiya qədər qaçqınların Qarabağa qayıtması istiqamətində fəal deyil. Kremlin ermənilərin Qarabağa qayıdışı məsələsini bu qədər tez-tez gündəmə gətirməkdə məqsədi nədir?
Məsələ ilə bağlı Editor.az-a danışan politoloq Zaur Məmmədov bildirib ki, heç bir dövlətin Qarabağa qaçqınların qayıdışı ilə bağlı məsələləri qaldırmağa hüququ yoxdur:
“Qarabağ ərazisi Azərbaycana məxsusdur. Ona görə də Azərbaycan torpaqlarına kimin nə zaman qayıdışı ilə bağlı qərar Azərbaycan tərəfindən veriləcək. Üçtərəfli bəyanatda yer alan Rusiya müəyyən qədər bu proseslərdə vasitəçi ola bilər. Lakin Qarabağa ermənilərin qayıdışı məsələsinin vacibliyini bildirib, Qarabağ azərbaycanlılarının öz torpaqlarına qayıdışından bəhs etməməklə Rusiya açıq şəkildə ədalətsiz mövqeyini ortaya qoydu”.
Zaur Məmmədov bildirib ki, Rusiya hökuməti ermənilərin Qarabağa qayıdışının vacibliyindən danışmaqdansa, minalanmış ərazilərin xəritəsini Ermənistandan ciddi şəkildə tələb etməlidir:
“Rusiya indiki halda qorxur ki, Xankəndi və ətraf rayondakı ermənilər bölgəni tərk edərlər. O zaman rus mandatı böyük dilemmalar qarşısında qala bilər. Elə buna görədir ki, Rusiya mənbələri Xankəndi və ətraf rayonlardakı ermənilərin sayı ilə bağlı şişirdilmiş məlumatlar yayırlar. Halbuki çox cüzi sayda erməni həmin bölgəyə qayıdıb. Onların çoxu da əmlakını satmaq və başda Rusiya olmaqla, müxtəlif ölkələrə miqrasiya etməyi planlaşdırır. Ona görə də süni şəkildə erməniləri bölgəyə doldurmaq və onlardan istifadə etmək cəhdləri uğursuzluğa düçar olacaq”.
//Abasova Gülnarə, Editor.az

