“ABŞ Senatının qərarı dövlətimizə qarşı qərəzli və ədalətsiz münasibətin növbəti təzahürüdür”.
Bu sözləri Editor.az-a ABŞ Senatının Azərbaycana yardımı dayandıran qanun qəbul etməsilə bağlı danışarkən millət vəkili Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanın ABŞ ilə əlaqələrin qorunmasına verdiyi əhəmiyyətə baxmayaraq, qarşı tərəfin belə bir addım atması təəssüf hissi doğurur:
“Bu gün təəssüf ki, ABŞ təcavüzkar Ermənistanın yanındadır və Ermənistanı açıq-aydın dəstəkləyir. Otuz il işğal müddətində ATƏT-in Minsk qrupu çərçivəsində də Amerika heç bir töhfə vermədi.
Azərbaycanın qələbə qazanması dünya ölkələrini sevindirməli idi. Çünki haqq-ədalət bərpa olunurdu. Lakin bunun tam əksi baş verdi. Bu isə Azərbaycana qarşı olan qərəzli mövqenin daha bir nümunəsidir”.
Millət vəkili bildirib ki, Azərbaycan bu gün növbəti haqsız münasibətlə üz-üzədir:
” Lakin atılan heç bir addım Azərbaycanı haqq yolundan uzaqlaşdıra bilməz. Azərbaycan qarşısına qoyduğu bütün hədəf və məqsədlərə çatmaq üçün lazımi tədbirləri davam etdirəcək və öz mövqeyindən geri çəkilməyəcək”.
//Səbinə Hüseynli, Editor.az

