“Məlumdur ki, Azərbaycan dövləti öz torpaqlarında antiterror tədbiri həyata keçirməyə məcbur oldu. Bu, bütün dövlətlərin daxilində baş qaldıran, tabe olmaq istəməyən, ölkə daxilindəki sabitliyi pozmaqla məşğul olan silahlı qruplaşmalarla mübarizə üsuludur. Bu gün bütün beynəlxalq aləmin də tanıdığı kimi Qarabağ Azərbaycanın ərazi bütövlüyü daxilindədir və tərkib hissəsidir. Azərbaycan daxilində heç bir qruplaşmaya muxtariyyət, özünüidarə, hüquq və ordu saxlamaq imkanı verməyib. Bu tip problem dünyanın hansı ölkəsində mövcud olsa, mütləq ki ən qatı şəkildə mübarizə aparar”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Millət vəkili heç bir təşkilatın və ya qurumun Azərbaycanın daxili işinə qarışmaq kimi öhdəliyi olmadığını bildirib:
“Qarabağda gedən antiterror əməliyyatları dövlətimizin daxili məsələsidir və burada mübarizə sivil insanlarla deyil, qanunsuz silahlı birləşmələrlə aparılır. Avropa İttifaqının prezidenti Şarl Mişelin şəxsi sosial hesabında “Rəsmi Bakı ilə Qarabağ erməniləri arasında hüquq və təhlükəsizlik məsələləri üzrə danışıqlara başlamaq vacibdir” paylaşımına gəlincə isə cənab Mişelin Ermənistanla Azərbaycan arasındakı kommunikasiya məsələsində vasitəçi rolu dövlətimiz tərəfindən dəstəklənir və dəyərləndirilir. Lakin indiki vəziyyətdə Ermənistan da elan etdi ki, Qarabağda mövcud olan silahlı birləşmələrin Ermənistanla heç bir əlaqəsi yoxdur. Bu səbəbdən düşünürəm ki, beynəlxalq təşkilatların bu məsələdə mövqeyi ancaq Azərbaycanın apardığı antiterroru dəstəkləmək olmalıdır. Çünki bizim də tərəfdaş çıxdığımız beynəlxalq sənədlərin hüquq və normalarında terrorizmlə mübarizə daima dəstəklənir”.
//Gülnarə Abasova, Editor.az