“Heç olmasa hərdən başlarını qaldırıb 9 rayonda dalğanan Azərbaycan Bayrağına baxsınlar…”backend

“Heç olmasa hərdən başlarını qaldırıb 9 rayonda dalğanan Azərbaycan Bayrağına baxsınlar…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğalçı ölkə mətbuatı Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən mayın 22-də axşam saatlarında Silahlı Qüvvələrimizin şəxsi heyətinin bir hissəsinin Ermənistan-Azərbaycan sərhədinin Qaragöl ətrafındakı mövqelərindən çeri çəkilməsi barədə yaydığı məlumat həqiqəti əks etdirmir. Azərbaycan tərəfi hazırda, əvvəllər olduğu kimi, sərhədlərimizi bərpa etmək məqsədilə erməni silahlılarından azad etdiyi mövqeləri uğurla müdafiə etməkdədir. Ən azı son 8 ayda düşmən üzərində həm taktiki əməliyyat, həm də mənəvi-psixoloji üstünlüyə malik olan Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi mövqelərdən geri çəkilməsini şərtləndirən bu absurd iddianı mümkün edən heç bir real faktor mövcud deyil. Silah, texnika və şəxsi heyət ilə tam komplektləşdirilmiş vəziyyətində, hakim və strateji yüksəkliklərdə yerləşməsinə baxmayaraq əsgərimizə bir neçə saat belə müqavimət göstərə bilməyən Ermənistan ordusunun döyüş əməliyyatlar teatrında tam əzilmiş və darmadağın olmuş hazırki vəziyyətində Azərbaycan tərəfinin geri çəkilməsini təmin etməsi nə hərb elminin qaydalarına uyğun gəlir, nə də sağlam məntiqə sığır.

Müharibə zamanı onlarla dezinformasiya ilə erməni xalqını aldadaraq onun “başını yastığa qoyan” Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi görünür, hələ də keçmiş rəhbəri Artsrun Hovvanisyan ampluasında fəaliyyət göstərir. Hələ də Şuşanın Azərbaycan tərəfindən azad edilməsini etiraf etməyən bu saxtakar qurum, yaxşı olardı ki, bu tip məlumatlarla dezinformasiya yaymaqdansa, iki gün əvvəl Kəlbəcərin Aterk kəndi istiqamətində əsgərlərimiz tərəfindən qoyun sürüsü kimi torpaqlarımızdan qovulan erməni əsgərlərin video görüntülərinə baxardı. Xatırladıram ki, həmin video çarxda sürəti əsgərimizin tələblərindən daha aşağı sürətdə ərazini tərk edən erməni silahlılarının “əlavə sürətləndirmə” tədbirlərinə əl atdığı da aşkar görünür. Bu tədbirlər nəticəsində  düşmənin 11 nəfərlik heyəti hələ də Gorus xəstəxanasında müalicə alır. Erməni mətbuatı belə dezinformasiyalar yaymazdan əvvəl bu xəstəxanaya gedib vəziyyəti zərərçəkən şahidlərin öz dilindən eşidə və ya əzişdirilmiş erməni əsgərləri ziyarət edən Anna Akopyandan onların səhhəti barədə ətraflı məlumat ala bilərdi. Heç olmasa bu həftənin əvvəlində Ermənistan mətbuatının Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər belə itki vermədən 3.5 km irəliləməsi xəbərinə diqqət edərdilər.

Qaragöl ətrafında Azərbaycan tərəfinin 1000 nəfərlik şəxsi heyətinin olub-olmamasına gəlincə isə, Azərbaycan Silahlı Qüvvələri bundan bəlkə də 100 dəfə artıq döyüşə hazır şəxsi heyətə malikdir. Onların nə qədərinin və hansı istiqamətə yerləşdirilməsi isə rəsmi Bakının kompetensiyasına aiddir. Ermənistan bu məsələyə təsir imkanına malik deyil, amma bundan narahat ola bilər. Əslində narahat olmağa da dəyər. Çünki, hər qaraltını Azərbaycan əsgəri, hər səsi PUA hücumu kimi dəyərləndirən İrəvan yaxşı bilir ki, bu heyət həm “Dəmir yumruğun” tərkib hissəsidir, həm də çox yaxındadır. Yaxında olmaqdan əlavə onlar son 8 ayda daim geri çəkilən və 10000 fərarisi olan zorlanmış erməni ordusundan fərqli olaraq, hər gün düşməni geri çəkilməyə məcbur edən, 10 min kv. km tarixi Azərbaycan torpaqlarını erməni işğalçılarından təmizləyən, ərazilərimizin tam azad olunmasını təmin edən və daim irəli gedən Azərbaycan Silahlı Qüvvələrinin şərəfli və ləyaqətli şəxsi heyətidir.

İşğalçı ölkə mətbuatı və Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi hansısa dezinformasiya yayanda heç olmasa dünyaynın gözü qarşısında baş verən və yuxarıda sadalanan bu faktların bəzilərini nəzərə almalıdır. Əks halda fəaliyyətləri Peqov-Hovvanisyan cütlüyünün ortaya qoyduğu faciəvi komediyadan fərqlənməyəcək.

Heç olmasa hərdən başlarını qaldırıb 9 rayonda dalğanan Azərbaycan Bayrağına baxsınlar, imzaladıqları təslimçilik aktlarını xatırlasınlar, Paşinyanın əlində közərən telefonların istisindən qızarın, uğursuz imdad dilədikləri ölkələrin əhalisindən və 8 aydır hər gün aldatdıqları ermənilərdən utansınlar!

Ədalət Verdiyev, Hərbi ekspert