Həkim günəş yanığı zamanı nə etmək lazım olduğunu açıqlayıbbackend

Həkim günəş yanığı zamanı nə etmək lazım olduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Günəş yanığı alan şəxslərə ilk növbədə kölgəyə və ya sərin məkana keçmək, daha sonra isə 15–20 dəqiqə ərzində sərin, lakin buz kimi soyuq olmayan duş və ya vanna qəbul etmək tövsiyə olunur.

Editor.az xəbər verir ki, bu barədə estetik tibb klinikasının həkim-kosmetoloqu Aleksandra Kamışnikova məlumat verib.

Mütəxəssisin sözlərinə görə, dəridə yanma və qızartı hiss edilən kimi günəş şüalarının təsirindən uzaqlaşmaq lazımdır. Sərin duş dərinin temperaturunu azaltmağa və ağrını yüngülləşdirməyə kömək edə bilər. Lakin duş zamanı sərt liflərdən istifadə etmək və dərini dəsmalla güclü şəkildə sürtmək məsləhət görülmür.

Duşdan sonra dəri yumşaq dəsmalla ehtiyatla qurulanmalı və dərhal nəmləndirici və ya sakitləşdirici vasitə tətbiq edilməlidir. Həkim xüsusilə pantenol (dekspantenol) tərkibli gel və kremləri, həmçinin aloe vera və Asiya sentellasına əsaslanan vasitələri tövsiyə edib.

Mütəxəssis bildirib ki, yanıqdan sonrakı ilk günlərdə yağlardan, vazelindən, skrablardan və spirt tərkibli losyonlardan istifadə etməkdən çəkinmək lazımdır. Onun sözlərinə görə, bu vasitələr dəridə istiliyin qalmasına və qıcıqlanmanın artmasına səbəb ola bilər.

Ağrı və şişkinliyin azaldılması üçün qeyri-steroid iltihabəleyhinə preparatlardan, məsələn, ibuprofendən istifadə edilə biləcəyi, güclü qaşınma zamanı isə antihistamin preparatların qəbulunun nəzərdən keçirilə biləcəyi qeyd olunub.

Həkim həmçinin günəş yanığından sonra dəridə qabarcıqlar yarandığı halda onları deşməməyi tövsiyə edib. Belə qabarcıqların açılması infeksiya riskini artıra bilər. Qabarcıqların geyimlə sürtündüyü hallarda isə steril sarğıdan istifadə etmək məsləhətdir.

Sağalma dövründə qızartı azaldıqdan və dəri soyulmağa başladıqdan sonra yüngül nəmləndirici kremlərdən istifadə etmək, soyulan dəri hissələrini isə qoparmamaq lazımdır.

Mütəxəssis xəbərdarlıq edib ki, yanıq geniş sahəni əhatə edirsə və ya bədən hərarəti 38 dərəcədən yuxarı qalxırsa, həkimə müraciət etmək lazımdır. Bu əlamətlər istilik vurmasının göstəricisi ola bilər.

Həkim gələcəkdə günəş yanığının qarşısını almaq üçün yüksək SPF-li günəşdən qoruyucu vasitələrdən istifadə etməyi, qapalı geyim və baş örtüyü taxmağı, həmçinin günəşin ən aktiv olduğu saatlarda — 11:00-dan 16:00-dək — birbaşa günəş şüaları altında uzun müddət qalmamağı tövsiyə edib.

//Gülnarə Abasova, Editor.az