Texas ştatının Hyuston şəhərində helikopter radio qülləsinə çırpıldıqdan sonra qəzaya uğrayıb.
Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Yerli media helikopterin qəzaya uğradığı yerdə baş verən yanğının fotolarını dərc edir.
Yanğınsöndürmə xidmətinin X sosial mediada yazdığı yazıya görə, vertolyot yerli vaxtla saat 20:00 radələrində Engelke küçəsi və Ennis küçəsi ərazisindəki qülləyə çırpılıb.
Hazırda hadisə yerində operativ və təcili yardım xidmətləri çalışır. Yerli nəşr “Houstonchronicle” yazır ki, qüllə bir neçə sənaye obyektinə bitişik ot sahəsi ilə əhatə olunub. Dövlət və şəhər rəsmiləri yanğının yaxınlıqdakı binalara keçməsi təhlükəsi barədə məlumat verməyib. Şahidlər “Houstonchronicle”a bildiriblər ki, qüllənin dayandığı yerdəki “metal yığını” yanır.
//Samir Qurbanov, Editor.az

