“Ukrayna müharibəsinin qalibi böyük ölçüdə məlumdur. Tam 3 il öncə müharibə başlayanda Ukraynanın bir oyununun içərisinə çəkildiyini və sonunda meydanda tək buraxılacağını demişdik. Bu günlərdə gedən Səudiyyə danışıqları hər şeyi göstərdi. Amerika Ukraynanı faktiki meydanda tək qoydu. Bu o deməkdir ki, Zelenski ya kapitulyasiya sənədinə qol çəkəcək, ya da işğalın əhatə dairəsinin genişlənməsinə rəvac vermiş olacaq. Doğrudur, bu proseslərdə Ukrayna üçün “yaşıl işıq” yandıra biləcək Türkiyə kimi bir dövlət var. Amma o da hara qədər? Qardaş ölkə ən yaxşı halda indiki vəziyyətdə tərəflər arasında məlum sənədin imzalanması üçün ev sahibliyi edə bilər”.
Bu fikirləri Editor.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı deyib.

Onun sözlərinə görə, Türkiyə Ukrayna-Rusiya arasında vasitəçi ola biləcək ən uyğun ölkədir:
“Çünki elə ilk dəfə bu təklifi Türkiyə irəli sürüb. Eyni zamanda, unutmayaq ki, Türkiyə bir NATO ölkəsidir, digər tərəfdən də Rusiyanın müttəfiqidir. Hesab edirəm ki, bu amillərə görə, hər iki tərəf, yəni Rusiya da, Amerika da görüş ünvanını dəyişib Ankaraya gələ bilərlər. Əslində Ukrayna da buna etiraz etməz. Son olaraq, Zelenskinin Türkiyə səfəri və oradan verdiyi açıqlamalar ölkəsinin Türkiyəyə olan münasibəti idi. Doğrudur, bu səfər Rusiya-Amerika arasında Ər-Riyadda baş tutan görüşlə heç bir əlaqəsi yox idi, əvvəlcədən müəyyənləşdirilmiş bir səfər idi. Amma istənilən halda Türkiyənin bu proseslərdə söz sahibi olma niyyətlərindən biri açıq şəkildə sezilirdi. Ərdoğanla Volodimir Zelenskinin yayılan məlum fotosu bunu deməyə əsas verir. Amma istənilən halda bu müharibəni əvvəlcədən başladan tərəflərin sonunda da anlaşacaqları görünür və burada da Türkiyə yer almır. Zatən rəsmi Ankara müharibə başlatmayıb ki, bitirsin də. Amma reallıq budur ki, Türkiyə gücü ilə hesablaşılır və bu baxımdan görüş məkanı kimi Ankara təklif olunsa, tərəflərin etiraz etməyəcəklərini düşünürəm. Hətta Trampla Putin arasında qarşıdan gələn həlledici görüşün Türkiyə paytaxında keçirilməsi də mümkün variantlardan biridir”.
//Gülnarə Abasova, Editor.az

