Fələstinin HƏMAS qruplaşması bu səhər Yerusəlimin girişində 3 israillinin ölümü və 6 nəfərin yaralanması ilə nəticələnən atışma ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.
Editor.az bildirir ki, bu barədə “The Times of Israel” məlumat yayıb. Qrup bəyanat yayaraq Şərqi Yerusəlimin Sur Baher məhəlləsində öldürülən iki silahlının, Murad və İbrahim Namrov qardaşlarının hərəkətlərini alqışlayıb və onları “cihad şəhidləri” adlandırıb. Məlum olduğu kimi, hücum zamanı üç israilli həlak olub: 24 yaşlı Livia Dikman, 73 yaşlı ravvin hakim Elimelek Vasserman və təxminən 60 yaşlı Hanna İferqan. Səhər saat 7:40 radələrində iki hücumçu avtomobilindən düşərək avtobus dayanacağındakı insanlara atəş açıb. Polisin bildirdiyinə görə, ərazidə olan iki növbətçi əsgər və silahlı bir mülki şəxs cavab atəşi açaraq iki terrorçunu öldürüb.
Öldürülən yaraqlılardan ikisi HƏMAS üzvü olub və əvvəllər terrora görə həbs olunublar. Murad 2010-2020-ci illərdə Qəzza zolağında terror ünsürlərinin başçılıq etdiyi terror aktlarını planlaşdırdığına görə, İbrahim isə 2014-cü ildə açıqlanmayan terror fəaliyyətinə görə həbs edilib. Hücuma görə məsuliyyəti üzərinə götürən HƏMAS bu hücumun İsrailin Qəzza zolağında qruplaşmaya qarşı apardığı müharibəyə və dünən Cenində iki uşağın öldürülməsinə cavab olduğunu bildirib. HƏMAS həmçinin “müqaviməti gücləndirməyə” çağırıb və bildirib ki, “xalqımızın qəhrəmanları şəhidlərin qanının qisasını almaq üçün səfərbər olur”.
//Samir Qurbanov, Editor.az

