The Wall Street Journal (WSJ) ərəb vasitəçilərinə istinadən yazır ki, Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasında İsrailin iki əsas tələbini qəbul edib. Mənbələrin bildirdiyinə görə, hərəkat həmçinin 5 nəfərin öldüyü girovların siyahısını təqdim edib.
Qəzetin həmsöhbətləri dəqiqləşdiriblər ki, HƏMAS ilk dəfə olaraq İsrail ordusunun Qəzza zolağında müvəqqəti qalmasına imkan verəcək saziş bağlamağa hazır olduğunu bəyan edib. Bununla yanaşı, ərəb vasitəçilər hərəkatın əvvəllər etdiyi kimi, sazişdən imtina edə biləcəyini də istisna etmirlər. WSJ qeyd edir ki, danışıqlarda irəliləyiş Misir nümayəndə heyətinin noyabrın sonunda İsrailə səfərindən sonra baş verib. Nəşr xatırladıb ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dekabrın əvvəlində vəzifəyə başlamazdan əvvəl girovlar azad olunmasa, “dəhşətli hesablaşmanın” baş verəcəyini bəyan edib.
Xatırladaq ki, İsrail və HƏMAS Qəzza zolağında 60 günlük atəşkəsi ehtiva edən razılaşmanı nəzərdən keçirir. Bu müddət ərzində anklavdan 30-a qədər girov azad edilməlidir. İsrail buna cavab olaraq fələstinli məhbusları azad etmək və Qəzza zolağına humanitar yardımın nəqlini artırmaq niyyətindədir.
//Samir Qurbanov, Editor.az

