Fələstinin HƏMAS qruplaşması İsrailin Qəzza zolağında təklif etdiyi atəşkəs razılaşmasını rədd edib. Lakin danışıqları davam etdirməyə hazırdır.
HƏMAS “Fələstin xalqının tələb və maraqlarını nəzərə alan” razılaşma əldə etmək istəyir”, – bəyanatda deyilir. HƏMAS iddia edir ki, İsrail “müqavilədəki öhdəliklərdən, xüsusən də daimi atəşkəs, köçkünlərin geri qaytarılması, qoşunların çıxarılması və xalqımızın ehtiyaclarının ödənilməsi ilə bağlı öhdəliklərdən yayınmağa davam edir”.
“Hərəkat razılığa gəlmək üçün danışıqları davam etdirəcək” – deyə qruplaşma sözçüsü əlavə edib.
Xatırladaq ki, HƏMAS-ın nümayəndə heyəti bu həftə Qahirəyə gəlib. Atəşkəsin bərpası şərtlərinin müzakirə olunduğu danışıqlarda Qətər, Misir və ABŞ nümayəndələri də iştirak edir. İsrail HƏMAS-ın saxladığı sağ qalan girovların siyahısının olmaması səbəbindən nümayəndə heyətini göndərməkdən imtina edib. EFE-nin məlumatına görə, qrup bütün girovların yeri və statusu barədə məlumatı olmadığı üçün siyahı təqdim edə bilmir, çünki onlardan bəziləri təcrid olunmuş kameralarda əsir saxlanılır. İsrail hesab edir ki, Qəzzada 130 girov qalıb və onlardan 99-u sağdır.
//Samir Qurbanov, Editor.az

