“Dohada başlayan bu proses münaqişəni ən azından müvəqqəti olaraq dondurmaq üçün əhəmiyyətli rol oynaya bilərdi. Çünki indiyə qədər İsrail tərəfi bu cür görüşlərdən imtina edirdi. Ancaq ilk dəfədir ki, Misir, Qətər, ABŞ-la yanaşı İsrail hakimiyyəti də görüşə razılıq vermişdi”.
Bu fikirləri politoloq Turab Rzayev Editor.az-a açıqlamasında Qətərin paytaxtı Dohada keçirilməsi planlaşdırılan Qəzza ilə bağlı danışıqların növbəti mərhələsində HƏMAS-ın görüşdə iştirakdan imtina etməsi ilə bağlı suallarımızı cavablandırarkən deyib.
Politoloq bildirib ki, görüşdən sülh gözlənilməsə belə atəşkəs ola bilərdi:
“Eyni zamanda, bu addımın atılmasında ABŞ-dakı prezident seçkilərinin də rolu var. Donald Trampa qarşı çox zəif olan Co Baydendən sonra Kamala Harrisin namizəd kimi irəli sürülməsi onun qalib gəlmə şansını artırıb. Kamala Harris Qəzzada qaçqın düşərgələrinə hücumların əleyhinə olan bir şəxsdir. Hadisələrin gedişatı onu göstərir ki, Netanyahu hakimiyyəti ABŞ-dakı seçkiləri də nəzərə alaraq bölgədə atəşkəs və sülhə doğru bir addım atmaq istəyirdi. Ancaq HƏMAS-ın son anda prosesə qatılmaqdan imtina etməsi qəribə şəkildə maraq doğurur. Bir tərəfdən ehtimal olunur ki, HƏMAS-ın yeni siyasi rəhbəri İsmayıl Haniyənin qətlə yetirilməsindən sonra görüşlərə qarşı çıxıb. Hesab edirəm ki, HƏMAS-ın imtina etməsində iki səbəb var. Ya HƏMAS fikirləşir ki, müqaviməti davam etdirməklə dünyaya səsini daha çox çatdırar və İsrail üzərində təzyiqlər artar. Ya da ki artıq ola bilsin ki, HƏMAS daxilində müəyyən qüvvələr Netanyahu hakimiyyəti ilə əlaqəli şəkildə hərəkət edirlər və atəşkəs prosesinin baş tutmamasında maraqlıdırlar”.
//Gülnarə Abasova, Editor.az